Bayram şübhələrinə yağlı nöqtə

Dünən Azərbaycanda sözün əsl mənasında möhtəşəm Ramazan bayramı qeyd olundu. Pandemiyadan sonra əhalinin coşğu ilə qoşulduğu bayram namazının gözəlliyi həqiqətən də illər sonra arzulanan bir mənzərə idi. Bunu görməzdən gəlmək və ya hansısa fərqli bir tərəf axtarmaq sadəcə və sadəcə hələ də İslamı olduğu kimi anlamaq istəməyənlərin xülyası idi.
Eyni zamanda hakimiyyətin ənənəvi idarəçiliklər sırasına daxil etmək cəhdlərinə dinin də məruz qalma halı yeni deyil. “Dini etiqad azadlığı haqqında” qanuna edilən son dəyişikliklər bunun bariz nümunələrindəndir. Əlavə olaraq illərdir xaricdə təhsil, dini bayraqlar, din yönümlü sosial media, dini ədəbiyyat, hicab, ruhani geyimi də daxil olmaqla bir çox silsiləvi qadağalar bu nöqtədə hakimiyyətin tam mənada zorla idarəçiliyinə aldığı Azərbaycan gerçəkliyində İslamın də təsirə məruz qoyulma cəhdi sayıla bilər. Lakin hər dəfə unudulan bir nöqtə mövcud düşüncədə olanların diqqətindən yayınır: İlahi iradə.
Bayramla bağlı son hadisə hakimiyyətin addımlarına cavab olaraq ilahi rənglə qoyulan yağlı nöqtə idi. Fitr bayramı elə Ramazan ayının girişində fərqli etirazlarla üzləşmişdi. Yəqin bir çoxunuz rəsədxananın arxasında Ramazan ayının ilk günü haqqında yanlış “fətva” verən ruhanilər idarəsinin qərarını xatırlayır. Hətta QMİ rəhbərliyi bu işdə “günahsızlığını” və ya hakimiyyətin dini nəzarətinə almaq cəhdinə dəstəyini o qərara bağlamaqla nümayiş etdirməyə çalışmışdı. O zaman da birmənalı bütün Əhli-beyt ardıcılları Ramazanın bir gün sonra gəlişini elan etmişdi. Görünür hakimiyyət bundan yetərli dərs ala bilmədi və ya dinə təsir etmək cəhdi ilə bunu öz qələbəsi hesab etdiyindən belə addımda israr etdi. 
Bu, tarixdə çərşənbə günü cümə namazı qılan Müaviyənin dindəki dəyişiklik cəhdini xatırlatdı. Düz otuz gün sonra eyni nəticə ilə bu dəfə Fitr bayramını qeyd etdilər. Əlbəttə, növbəti dəfə rəsədxananın “gözü” ilə. Lakin başlanğıcda diqqət çəkməyən fərqlilik, bu dəfə adekvat reaksiya ilə özünü göstərdi. Bayramın Mayın 2-si deyil, 3-ü olması ilə! Azərbaycan inanclısı üzərində istədiyi davranışı edə biləcəyi zənninə qapılanlar bir daha həqiqi dinlə öz aralarında olan uçurumun sərhədlərini gördü. Və həm də İlahi iradənin tam nümayişi ilə. Bayram namazının mayın 3-də elə QMİ-nin təyinatlı ruhanilərinin əli ilə gerçəkləşməsi isə son söz sahibini hər kəs üçün nümayiş etdirirdi. Qarşı tərəfə, buna hər hansı bir səbəb axtaranlara isə cavabımız birmənalıdır. Allah sizin hansı hiylələr qurmanıza baxmayaraq, son qərarı Özünün verəcəyini bildirir. Lütfən,növbəti gülünc vəziyyətə düşməmək üçün dinə qarşı addımlarda diqqətli olun!
MBH- Müsəlman Birliyi Hərəkatı.