Bakıda “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib

Dekabrın 1-də Bakının Fəvvarələr meydanında hazırda həbsxanada 26 gündür aclıq aksiyası keçirən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib.

Hüquq müdafiəçilərinin təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında “Saleh Rüstəmliyə azadlıq!”, “Saleh bəyi öldürməyin, azad edin!” şüarları səsləndirilib.

Polis aksiyaya müdaxilə edib, çoxsaylı etirazçı saxlanılıb. Saxlanılanlar arasında bir çox fəallar, o cümlədən keçmiş siyasi məhbuslar Tofiq Yaqublu, İlkin Rüstəmzadə, Mete Türksoy, Nigar Həzi və digər çoxsaylı fəallar var. İctimai fəallar İlkin Rüstəmzadə və Mete Türksoy bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdilər. Müraciətdə bildirilir ki, onlar Bakıda dinc, sivil aksiya keçirmək istəyirlər. Onlar BŞİH-dən aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını xahiş ediblər. Müraciətə hələ cavab verilib-verilmədiyi bəlli deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, aksiyanı keçirməyə cəhd edənlər qanunu kobud şəkildə pozub.

"Çünki aksiya razılaşdırılmayıb, pandemiya dövrünə təsadüf edir. Ona görə də bu cür aksiyaların qarşısı qətiyyətlə alınacaq".

O qeyd edib ki, saxlanılanlar varsa, məsələ araşdırılıb barələrində hüquqi qiymət veriləcək.

Həmçinin rəsmi Bakı ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar.

Rəsmilər vurğulayır ki, siyasi məhbus kimi təqdim edilən şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

Hazırda həbsdə olan Saleh Rüstəmli 26 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb. Onun yaxınları və vəkili bildirib ki, Rüstəmli aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkiyyətinin müsadirəsini göstərib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamı ilə tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar. AXCP ittihamı təkzib edib.

Amerikanın Səsi