Bakıda müəlliflik hüququna dair beynəlxalq regional seminar keçirilir ​​​​​​​

Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq regional seminar keçirilir. APA-nın məlumatına görə, seminarda 20-dək ölkədən qonaqlar iştirak edir.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, müasir dünya müəllifə çatası qonorarın yığımı problemi ilə rastlaşır, yığılan və müəlliflərə çatdırılan qonorar onları razı salmır: "Bu problemlərlə Azərbaycanda da rastlaşırıq və yaranan vəziyyət Əqli Mülkiyyət Agentliyini narahat etməyə bilməz. Çünki müəllif-hüquq sisteminin bu istiqaməti yaradıcıları stimullaşdırmalıdır, onların əsərlərinin istifadəsi ilə bağlı qonorarların yığımını təşkil etməlidir, hətta müəllifləri layiqincə həvəsləndirməklə müəllif-hüquq sisteminin nüfuzunu artırmalıdır. Bu səbəbdən Əqli Mülkiyyət Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı qarşısında təşəbbüslə çıxış edərək, bu beynəlxalq regional seminarın keçirilməsinə nail olub".

K.İmanov bildirib ki, konfransda ilk növbədə regionda müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı kollektiv idarəetmənin hüquqi bazasının müqayisəli təhlili müzakirə olunacaq: “Bu sıraya rəqəmsal erada kollektiv idarəetmə qarşısında duran yeni çağırışlar və onlara adekvat cavabların axtarışı daxildir”.

 

Agentliyin İdarə Heyətinin sədri bildirib ki, son “Doing Business - 2020” Hesabatında ölkəmiz 20 islahatçı dövlət sırasında yer alıb və son Davos İqtisadi Forumunun Raqabətqabiliyyətlilik Hesabatına əsasən, Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib: "Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşması – 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyası – 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur. Bu cür kardinal, inqilabi dəyişikliklər öz əksini əqli mülkiyyətin qorunmasında da tapır. Son Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. Rəqabətqabiliyyətlilik İndeksində 2015-ci ildə 92-ci yerdən 2016-2017-ci illərdə – 71-ci, 2017-2018 – 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Buna paralel olaraq, patent sifarişlərində də artım görünür. Bu ilin oktyabr ayında ÜƏMT-nın Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, rotasiya əsasları ilə Koordinasiya Komitəsində təmsil olunacaq. Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq müəllif hüququ üzrə 1886-cı ildən qüvvədə olan 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb. Bu faktlar ölkəmizin əqli mülkiyyət sahəsində və xüsusən müəllif-hüquq istiqamətində nüfuzunun bariz nümunələridir".

K. İmanov bildirib ki, ixtiraçılıq və patent fəallığının artırılması üzrə tədbirlər davam etdirilməlidir: "Əqli Mülkiyyət hüquqlarının qorunmasının yeni sistemlərinin yaradılması və tətbiq edilməsi üzərində fəal şəkildə işləyib, tamamlayırıq. Texnologiyaların transferi və kommersiyalaşdırılması, innovasiyalara dəstək mərkəzlərinin yaradılması və onların fəaliyyəti üzrə genişmiqyaslı işləri sona çatdırmalıyıq".

Qeyd edək ki, tədbir 2 gün davam edəcək.