Bakıda beynəlxalq qadınlar konqresi keçirilib

Bu gün Bakıda IV “SHE Kongress” – beynəlxalq qadınlar konqresi keçirilib.

“Az.shafaqna.com” istinadən Operativ.tv xəbər verir ki, tədbir Azərbaycandan və digər ölkələrdən 300-dən çox qadın iş adamını bir araya gətirib.

Konqresdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığa maraq göstərən qadınların sayı artıb.

“Ümumiyyətlə, qadın sahibkarlığının inkişafı Agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir, tərəfimizdən qadın sahibkarlığının inkişafı, kiçik və orta sahibkarlıq subyektləri arasında qadınların sayının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Öz biznesini qurmaq və sahibkar olmaq istəyən qadınlar KOBİA-nın dəstək və xidmətlərindən yararlana bilərlər”, – o deyib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Sinq Caidev isə qeyd edib ki, qadınların iqtisadi səlahiyyətlərinin artırılması ölkənin ümumi inkişafına töhfə verə biləcək ən mühüm vasitələrdən biridir.

“USAID qadınların biznes və peşəkar assosiasiyalarının və sahibkarlıq potensialının inkişafını dəstəkləyir və iqtisadi islahat proqramlarının önə sürmək üçün onların biznes və iş yerlərində əhəmiyyətini təbliğ edir. Qadınların iqtisadi imkanlarının genişləndirilməsi haqqında danışarkən, maliyyə və bilik də daxil olmaqla, resurslara bərabər çıxış və nəzarətdən, həmçinin kişilərlə bərabər layiqli işlərə və ümumi məşğulluğa çıxışdan danışırıq. Biz inanırıq ki, qadın sahibkarlar milli iqtisadiyyatın mühüm aparıcı gücü ola bilərlər”, – o qeyd edib.