Bakıda baş verən yanğında 4 FHN əməkdaşı xəsarət aldı

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonundakı “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki "Cənnət Park" Yaşayış Kompleksi 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, sahəsi 80 kv.metr olan 3 otaqlı yaşayış binasında baş verən yanğın söndürülüb. 

TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2 ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 FHN işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir. (trend)