"Bakı Metropoliteni" iki yeni qatarı xəttə buraxır

"Bakı Metropoliteni" QSC bu gün 2 yeni qatarını xəttə buraxacaq.

Bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qatarlar "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edəcək.

"Qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır. Vaqonun tutumunu 15% artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb. Yeni vaqonların daha bir fərqləndirici cəhəti odur ki, orijinal işıq qrafikası Bakı vaqonları üçün xüsusi olaraq işlənib. Baş vaqon faralarının dizaynı dəyişdirilib, informasiya sistemi yerli şəraitə uyğunlaşdırılıb. Vaqonların istilik və səs-küy izolyasiyası yaxşılaşdırılıb. İzolyasiyanın etibarlığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsini təmin edib. Kondisioner sisteminin havanı avtomatik zərərsizləşdirməsi virus və bakteriyalardan əlavə mühafizə imkanıdır. Salonda quraşdırılan diodlu lampalar işıq selinin gücünü çoxaldıb-azaldır və müvafiq erqonomik ab-hava yaradır", - deyə B. Məmmədov bildirib.