Bakı meriyası Azərbaycan Xalq Cəbhəsi Partiyasının aksiyasına icazə verməyib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sentyabrın 30-da Milli Məclisin binası qarşısında planlaşdırdığı etiraz aksiyasını “məqsədəuyğun” hesab etməyib.

Mitinqin Təşkilat Komitəsinin üzvlərindən biri Vahid Məhərrəmli Turan-a bildirib ki, şəhər administrasiyası öz cavabında aksiyanı “məqsədəuyğun” hesab etməyib.

Bakı Şəhər İcra Hakimiyyəti cavab məktubunda aksiyanın keçirilməsinə “yox” demir, onun keçirilməsini məqsədəuyğun hesab etmir. Biz aksiyanın keçirilməsilə bağlı məsələni müzakirə edib müvafiq qərar qəbul edəcəyik”, - o deyib.

Sentyabrın 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Nurəddin Məmmədli, Vahid Məhərrəmli, İlham Hüseyn və Saqif Qurbanov aksiyanın keçiriləcəyilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndəriblər.

Aksiyada məqsəd siyasi partiyalar haqqında yeni mürtəce qanun layihəsinə etiraz, siyasi məhbuslara azadlıq, azad seçki, ölkədə demokratik dəyişikliklər və Rusiyada yaşayan soydaşlarımızın qayıdışı  üçün quru sərhədlərinin  açılmasını tələb etməkdir.