Bahalaşmanın günahkarı kimdir: Daha nələr bahalaşacaq...

Yanvar ayında pensiyaların qalxacağı barədə xəbər çıxandan bazarda qiymətlər özü üçün qalxmağa başlamışdı. Qəpik-qəpik, haysız-küysüz. Bu adətən, həmişə belə olur. Qaşıqla verib, kəpçəylə geri alırlar. Pensiya 5 manat yüksəlirsə, evində pensiyaçı olmayan və özünün də pensiya yaşına çıxıb çıxmayacağı bəlli olmayanlar başlayırlar bahalıqdan əziyyət çəkməyə.

 

Tarif Şurasının ansızın qərarı ilə bahalaşmada yüksəlişə start verildi. Bu gecə yanacağın qiymətinin qalxması artıq əksər ərzaq məhsullarının bahalaşmasına səbəb olub. Supermarketlərdən daxil olan məlumata görə, hələ Tarif Şurasının qərarı açıqlanmadan onlara ərzaqların yeni qiymətləri təqim olunub.

Benzin - yanacaq

Kommunal sahədə birdən-birə kəskin yüksəlməyə onsuz da əldən düşmüş vəziyyətdə olan insanlar etiraz edəcəkdilər. Böyük ehtimalla bahalaşma məsələsinin üzərinə uzaqdan dövrə vurub gələcəklər. “Qazı qaldırmadıq” minnətindən sonra sıra gələcək ictimai nəqliyyat və kommunala - avtobus, metro, qaz, işıq, su və daha nələr...

Əvvəlcə taksi, ictimai nəqliyyat, eləcə də nəqliyyatda daşımaların xərci artdığına görə, istehlak məhsullarından tutmuş tikinti mallarınadək bahalaşacaq. Ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq. Adətən, kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə olunur. Azərbaycanda istehsal olunmuş dizel yanacağının minimum 25 faizi kənd təsərrüfatında istifadə olunur.

İctimai nəqliyyat, avtobus

Aİ-92 benzini və dizel yanacağı ölkədə istehsal olunur, xammal kənardan gətirilmir, işçilik haqqı əhəmiyyətli şəkildə qaldırılmayıb, adambaşına düşən gəlirlər xüsusi şəkildə yüksəlməyib, bazarda tələblə təklif arasında fərq dəyişməyib . Sosial cəhətdən müdafiəsi zəif olan vətəndaşlarımızın sayı müharibədən sonra daha da artdı. Bir yandan xəstəlik, bir yandan işsizlik, bir yandan müharibənin verdiyi gərginlik, yoluxmuş şəxsin sağalıb özünü düzəltməsi ən az bir ay çəkir, müalicə xərci də ən az 300 manat edir (yüngül keçirsə).

Televiziyalarımız gecə-gündüz cürbəcür ekspertləri efirə çıxarıb bahalaşmaya Tarif Şurasının gecə qərarlarına haqq qazandırmaq üçün “Min bir gec” nağılları danışacaqlar. Xalq da bir az sosial şəbəkədə danışıb, sonra yorulub oturacaq yerində. Yadıma keçmiş nazir Əbülfəz Qarayevin mediaya verdiyi açıqlama düşdü. Soruşmuşdular ki, Azərbaycada otelllər niyə başqa ölkələrdən daha bahadır, demişdi camaatda pul var ki, bahalı otelə gedir də. Bax bir neçə gündən sonra da hansısa nazir və ya məmur efirə çıxıb deyəcək ki, xalqın imkanı yoxdusa, niyə müxtəlif fondlara milyonlar köçürür? Var ki, köçürür. Necə ki, xəstəliyin yayılmasında, dərman çatışmazlığında, səhiyyəmizin keyfiyyətsiz xidmətində bizi ittiham elədilər, bahalaşmanın da səbəbkarı biz olacağıq.

Nazirlər Kanineti

Bahalaşma Şaxta babanın gəlişindən 4 gün sonra baş verdi. Vaxtında gəlsəydi, kişidən bir diləyim olacaqdı. Ölkədə hər şeyi qaldırmaq üçün hər cür şuramız var. Möcüzə edəydi, bir dənə də Əməkhaqqı Şurası olaydı, o da maaşları qaldıraydı kaş ki. Çünki məmurlarımızın camaatın qayğısına qalması möcüzəsiz mümkün deyil. Ondan sonra sağ əldən aldığımızı sol əllə verərdik, "aldıq qoz, satdıq qoz" deyərdik, bizə də qalardı şaxşaxı.

bizimyolinfo.az