Babadağ ərazisində itkin düşən şəxslərdən birinin meyiti tapılıb (yenilənib)

 

İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

FHN-dən APA-ya verilən xəbərə görə, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır.Xatırladaq ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupu xilasetmə işlərinə cəlb olunub. Axtarışlar mürəkkəb relyefli dağlıq ərazidə və əlverişsiz hava şəraitində aparılıb.

 

***********************

 

İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb.

Operativ.tv APA-nın yerli bürosunun xəbərinə istinadən bildirir ki, dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər. Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedən yoldaşlar, 2002-cı il təvəllüdlü Xudaverdiyev Niyyət Vüqar oğlu, 2006-cı il təvəlüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Aqil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da geri qayıda bilməyiblər.Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub. İntensiv axtarış-xilasetmə tədbirləri görülür.