Azərbaycanın Rusiyadan aldığı hərbi texnika nasaz çıxdı

Azərbaycanda Rusiyadan tədarük edilən silah və texnikanın keyfiyyətindən narazıdırlar.
 
Oxu.Az-a istinadən verilən  xəbərə görə, bu barədə "Belarusskaya Pravda” nəşri yazır.
 
Nəşr öz mənbələrinə istinadən bildirir ki, 2017-ci ilin sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın qapalı iclasında rəsmi Bakı yerinə yetirilən və yetirilməkdə davam edən razılıqlar əsasında Rusiyanın Azərbaycana hərbi texnikanın tədarükü ilə bağlı öhdəliklərin yerinə yetirilməsi məsələsini qaldırıb.
 
Qeyd olunur ki, iclasda "T-90C”, "BMP-3”, "BTR-822, "MSTA-S” özüyeriyən haubitsa, "Smerç” yaylım atəşli reaktiv sistemi, "Tor-M2” zenit raket kompleksi və digər texnikaların tədarükü ilə bağlı narazılıq ifadə olunub.
 
Əsas narazılıqlar müqavilələrdə göstərilən texniki komplektasiyaların tədarük edilən hərbi texnika ilə uyğunsuzluğu, texniki sənədləşmənin olmaması, bəzi qüsurlar səbəbindən silah və texnikanın sıradan çıxması, həmçinin təmir üçün müvafiq hissələrin olmaması ilə bağlı olub.
 
Bundan əlavə, Azərbaycan tərəfi qeyd edib ki, "Smerç” yaylım atəşli reaktiv sistemi üçün raketlər atış zamanı partlamır, "BTR-82A”nın pulemyotu üçün sursatlar hədəfə çatmır, "Mi-35” helikopterində isə nasazlıq səbəbindən mühərriki işə salmaq mümkün olmur.
 
Həmçinin göyərtə aparatının işində problemlər olur, "Ataka-M” və "Şturm-B” raketləri və avtomatik atəş sistemi düzgün işləmir.