Azərbaycanın iki rayonunda operativ hava şəraitini təyin edən radar quraşdırılacaq

"Hazırda Azərbaycana gətirilən ABŞ istehsalı olan iki dopler radarının quraşdırılması işləri aparılır".

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, radarlardan biri Şamaxıda, digəri isə Göygöl ərazisində quraşdırılacaq: "Avadanlıqlar istifadəyə verilməmişdən əvvəl mütəxəssislər üçün bir aylıq təlimlər keçiriləcək. Bundan sonra, təxminən, gələn ilin birinci rübündə radarların istismara verilməsi nəzərdə tutulur".

 

Radarlar vasitəsilə hava haqqında məlumatlar operativ şəkildə gün ərzində tez-tez yenilənəcəyini deyən direktor vurğulayıb ki, radarların radiusu kifayət qədər genişdir: "Dövlət investisiyası çərçivəsində növbəti illərdə Şəkidə də daha bir radarın quraşdırılması mümkün olacaq. Radarların alınması prosesi 2023-cü ilədək davam edəcək. Bu radarlar qonşu ölkələrdən Azərbaycana daxil olan hava kütlələrini daha aydın izləməyə və daha operativ məlumat hazırlamağa imkan verəcək. Radarların quraşdırıldığı ərazilər seçilərkən bu amil də nəzərə alınıb"./Report