Azərbaycandan hansı ölkələrə səyahət etmək mümkündür?

Gürcüstan gediş-gəliş qaydalarını yumşaldıb

Fevralın 1-dən Gürcüstan hökuməti ölkəyə gediş-gəlişlə bağlı qaydaları yumşaldıb.

Bu barədə ölkənin iqtisadiyyat naziri Natia Turnava açıqlama verib.

O bildirib ki, artıq COVİD 19 əleyhinə tam dozalı peyvənd olunmuş bütün xarici ölkə vətəndaşları Gürcüstana gələ biləcək.

Avropa Birliyi ölkələri, İsrail, İsveçrə, Amerika, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn vətəndaşları isə Gürcüstana son 72 saat ərzində verdikləri neqativ PCR testi ilə səyahət edə biləcəklər.

Şərt var ki, ölkəyə daxil olan turist üç gündən sonra Gürcüstanda yenidən COVİD testi verməlidir. Qalan bütün ölkələrin vətəndaşları üçün peyvənd şərtdir.

Başqa haralara getmək olar?

Fevralın 14-də “Buta Airways” Bakı-İzmir-Bakı reysinə ilk uçuşu həyata keçirəcək. Artıq bu reys üçün bilet qalmayıb, hamısı satılıb. Qiymətlər Bakı-İstanbul-Bakı biletinə baxanda ucuzdur. Gediş-gəliş təxminən 450-460 manatdır. Bu səyahət üçün də neqativ çıxmış COVID testi tələb edilir.

İzmirdən İstanbula “Pegasus” gün ərzində 5-də çox reys edir. Qiymətlər isə bir istiqamətdə 18-23 dollar (30-40 manat) arası dəyişir.

Bakıdan İstanbula isə AZAL və Türk Hava Yollarının birgə təşkil etdiyi reyslər getmək olar. Gün ərzində Bakıdan birbaşa 5-dən artıq reys var. Qiymətlər isə 760-950 manat civarındadır.

Eyni zamanda, fevralın 16-dan “Flydubai” Dubay-Bakı-Dubay reysini bərpa etdiyini açıqlayıb. Uçuşların həftədə iki dəfə, 2 və 5-ci günlər olacağı bildirilir. Amma saytlarında olan ən tez uçuş aprelin 1-dir. Qiyməti isə bir istiqamətdə təxminən 440 manatadır.

Rusiyadan Bakıya gəlmək istəyənlər...

Rusiyadan Bakıya gəlmək istəyən Azərbaycan vətəndaşları isə yenə neqativ PCR testi ilə Moskvanın Vnukovo Hava Limanından İstanbula uça bilərlər. Qiymətlər bir istiqamətdə təxminən 216 manatdır. Gün ərzində müxtəlif saatlarda 5 reys var. Moskvadan İstanbula gəlib, oradan Bakıya gəlmək mümkündür.

Eyni zamanda, Rusiyanın Krasnoyarsk şəhərindən də İstanbula gün ərzində 5 reys var. Amma qiymətlər Moskvaya baxanda xeyli bahadır. Bir istiqamətdə uçuş 600 manat civarındadır.