Azərbaycandan ermənilərə: sülh şəraitində yaşamağa hazırıq

“Yanvardan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yeni İdarə Heyəti seçildikdən sonra həm ölkə daxilində, həm də beynəlxalq arenada məcburi köçkünlərin vəziyyəti, Azərbaycanın haqq səsinin çatdırılması üçün bir çox işlər görülüb”.

 

Bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bu gün keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, sentyabrdan intensivləşən beynəlxalq səfərlər çərçivəsində Polşa, Türkiyə, ABŞ və Belçikada səmərəli görüşlər keçirilib.

 

ATƏT-in fəaliyyətdə olan sədri ilə il ərzində iki dəfə görüş keçirildiyini xatırladan icma sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının konstruktiv mövqeyini görməlidir.

 

O qeyd edib ki, son Brüssel səfərində hazırda Avropa Parlamentinin üzvləri olan Litva, Rumıniya və Estoniyanın sabiq nazirləri ilə də görüşlər keçirilib.

 

“Biz görüşlərdə öz mesajlarımızı çatdıraraq bildirdik ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunduqdan sonra, biz erməni icması ilə sülh şəraitində yaşamağa hazırıq”, - deyə T. Gəncəliyev vurğulayıb./APA