Azərbaycanda kibertəhlükəsizlik hansı səviyyədədir?

“Kibertəhlükəsizliyə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nə əsasnaməsi, nə də strukturu təsdiqlənib. Bunun bu qədər vaxtda edilməməsi normal hal deyil”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Toplum TV”-yə belə deyib.

Azərbaycan kibertəhlükəsizliyə görə dünya ölkələri arasında mövqeyi son iki ildə 15 pillə yaxşılaşaraq 40-cı, MDB regionunda isə bir pillə yüksələrək 3-cü yerdə qərarlaşıb.

“Report”un məlumatına görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hər il yaydığı “Qobal Kibertəhlükəsizlik İndeksi”nin (The Global Cybersecurity Index – GCI) 2020-ci il üçün buraxılışında qeyd edilib.

Hesabata görə, Azərbaycan mümkün 100 baldan 89,31 bal toplayıb ki, bu da 5 kateqoriya üzrə hesablanıb. Belə ki, rəsmi Bakı leqal ölçmələr üzrə 20, texniki ölçmələr üzrə 19,19, təşkilatçılıq üzrə ölçmələrdə 13,14, potensialın inkişaf etdirilməsi üzrə 16,99 və kooperativ ölçmələr üzrə isə 20 bal toplayıb.

Osman Gündüz deyir ki, Azərbaycan bu sahədə irəliləməsinə baxmayaraq bir sıra ciddi problemlər qalmaqda davam edir: “Beynəlxalq Telekommunikasiya İttifaqının hər il yaydığı bu hesabatda əsas diqqət yetirilən məqamlardan biri təhlükəsizliyə cavab verən dövlət qurumlarının, nizamnamələrin olub-olmamasıdır. Baxmayaraq ki, biz 15 pillə irəliləmişik, bu sahədə bir çox çatışmayan məqamlar hələ də olduğu kimi qalır. Əgər onlar da həll olunsaydı, 15 yox, hətta 25 pillə irəliləyə bilərdik. Bunlardan ən vacibi odur ki, Azərbaycanda kibertəhlükəsizliyə cavabdeh dövlət qurumu olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin normal nizamnaməsi belə yoxdur. 2 il öncə Xüsusi Dövlət Mühafizəsi Xidməti ləğv olundu və 3 yeni qurum yaradıldı: Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti; Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti; Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi. Sırf kibertəhlükəsizliyə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nə əsasnaməsi, nə də strukturu təsdiqlənib. Bunun bu qədər vaxtda edilməməsi normal hal deyil”.

Ekspertin sözlərinə görə, digər problem qanunvericiliklə bağlıdır: “2 ildən çoxdur ki, kibercinayətkarlıq və informasiya təhlükəsizliyi ilə bağlı konsepsiya qəbul olunmur. Uzun-uzadı müzakirələr getməsinə baxmayaraq konsepsiya hələ də təsdiqini tapmayıb. Bu iki ciddi faktor olduğu halda, bizim 15 pillə irəliləyərək 40-cı yerdə qərarlaşmağımız böyük bir hadisədir. Sadaladığım məsələlər həllini tapsaydı, daha da irəlidə olardıq”.

Azərbaycanda şəxsi hesablara edilən kiberhücumlarla bağlı təhlükəsizlik məqamlarına da toxunan mütəxəssis bu sahədəki çatışmazlıqları dövlət qurumlarının məsuliyyəsizliyi ilə əlaqələndirib:

“Qeyri-dövlət sektoruna kiberhücumlara qarşı fəaliyyət göstərən qurum Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətidir. Düşünürəm ki, şəxsi profillərə edilən hücumlar bu məsələyə dövlət qurumlarının məsuliyyətsiz yanaşması ilə bağlıdır. İstənilən halda, bu, araşdırmağa ehtiyacı olan məsələdir. Dövlət qurumları bunun fərqində olmalı, araşdırma apararaq ortaya faktlar çıxarmalı, hətta məhkəmə səviyyəsində təqdiqalar aparılmalıdırlar. Azərbaycan “Kibercinayətkarlıq haqqında” Konvensiyaya 2009-cu ildə qoşulub. Hətta digər ölkələrdən hücumlar olsa belə, bizim hökumətin həmin konvensiyadan istifadə edərək araşdırma aparmaq imkanı var”.

Media hüququ üzrə ekspert Xalid Ağalıyev də deyir ki, bu sahədə hüquqi baxımdan bütün məsələlər nəzərə alınsa da, icra prosesində problemlər ortaya çıxır: "Azərbaycan bu sahəni düzənləyən "Kibercinayətkarlıq haqqında" Konvensiyanı ratifikasiya edib, öz üzərinə öhdəliklər götürüb ki, kiberməkanda baş verən cinayətlərlə bağlı onlara hüquqi qiymət verilməsinin nəzərdə tutan müddəaları ölkə qanunvericiliyinə daxil etsin. 2010-2012-ci illərdə Cinayət Məcəlləsinə kiberməkanda baş verən cinayətlərlə bağlı ayrıca bir fəsil daxil edilib.

Ola bilsin ki, qanunvericilikdə mahiyyətlə bağlı, çatışmazlıqlar var. Amma ümumi standartlar bizim cinayət qanunvericiliyimizdə öz əksini tapıb. Bu müddəalar sosial media səhifələri oğurlanan ictimai fəallardan tutmuş, pensiya kartına müdaxilə edilən təqaüdçülərə qədər hər kəsin haqlarının təminini nəzərdə tutur. Məncə, bu sahədəki qanuni tənzimləmələr normaldır. Problem qanunvericiliyin icrası ilə bağlıdır. Qanunlar hamıya bərabər tətbiq edilməli, ayrı-seçkilik olmamalıdır".