Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı sorğuları artıb

Ötən il ərzində Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı 2018-ci illə müqayisədə 26,4% artaraq 4 447 ədəd təşkil edib.

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, ötən il ərzində mərkəzə daxil olan sorğulardan 96,4%-nə baxılıb və təmin edilib.

 

Ötən il ərzində Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 266 hesabat təqdim edilib ki, bu da 2018-ci ilin göstəricisini 67,3% üstələyir.

 

Mərkəzdən verilən məlumata əsasən, il ərzində Azərbaycan internet məkanında dövlət qurumlarına aid 45 yeni domen və 107 subdomen qeydiyyatdan keçib ki, bu da 2018-ci ilin göstəricisindən müvafiq olaraq 21,6% və 3,8 dəfə daha çoxdur.