Azərbaycanda “Avro-5” standartına uyğun dizel yanacağının istehsalına başlanacaq

“Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) təkmilləşdirmə işlərinin 8 faizi başa çatıb.

Modernizasiya prosesinə 2016-cı ildə başlanıb. Musavat.com xəbər verir ki, bunu SOCAR-ın Downstream şirkətinin baş direktorun müavini, layihə rəhbəri Emil Alxaslı jurnalistlər üçün təşkil olunan media-tur zamanı bildirib. O qeyd edib ki, yeni qurğular üzrə irəliləyiş təxminən 85 faizdir, ümumi irəliləyiş isə faiz üzərindədir:“Cari ilin sonuna işlərin 90%-nin tamamlanacağı gözlənilir. Hazırda sazlama mərhələsindəyik. Mərhələli şəkildə dekabr ayından məşəl qurğusunun işə salınması,yanvar və fevral aylarında isə buxar, daha sonra hidrogen və dizel istehsalına başlanacaq. Modernizasiya nəticəsində 2022-ci ilin ortalarında Azərbaycanda dizel istehsalına başlanacaq. 2023-cü ilin ortalarında isə benzinin istehsalının yaxşılaşdırılmasına, Avro-5 standartına uyğun dizel yanacağının istehsalına başlanacaq”.

E.Alxaslı həmçinin, bildirib iki, layihənin əsas məqsədlərindən biri Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və təkmilləşdirilmə işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə bildirib ki, bu yaxınlarda köməkçi qurğuların istismarına başlanacaq. Bir il ərzində digər qurğular istismara verildikcə istehsal olunan benzinin keyfiyyəti tədricən artacaq və 2023-cü ilin ortalarında istehsal edilən benzinin keyfiyyəti “AVRO-5” standartına tam uyğunlaşdırılacaq:“Hazırda Aİ-92 benzini,dizel yanacağı,təyyarə yanacağı və digər neft emalı məhsulları istehsal olunur. Aİ-95 benzininin istehsalına başlanması ölkəyə idxal olunan avtomobillərlə bağlıdır. Aİ-98 cüzi həcmdə istehlak olunur”.

İ.Əhmədov yanacağın keyfiyyəti ilə bağlı da açıqlama verib:"Azərbaycanda benzin və yanacağın keyfiyyətinə nəzarət edən dövlət qurumları var. SOCAR yalnız istehsalçıdır. Eyni zamanda bir şəbəkədə birləşən yanacaqdoldurma məntəqələrinin əməliyyatçısıdır.

Yanacaqdoldurma məntəqələrində müvafiq qurumların apardığı araşdırmalar zamanı bəzi kənarlaşdırmalar müəyyən edilib.Bizə verilən məlumata görə, nöqsanlar yanacağın saxlanılması ilə əlaqədardır. İstisna deyil ki, yanacağa bəzi qatqılar da əlavə edilir. Neft Emalı Zavodunda istehsal edilən benzin Azərbaycanda qüvvədə olan norma və standartlara uyğundur. Bu,mütəmadi olaraq laboratoriyalarda yoxlanılır. Bizim məqsədimiz budur ki, zavodda istehsal olunan məhsul həm də beynəlxalq standartlara uyğunlaşdırılsın. Buna görə də, modernizasiya işləri aparılır. Avro-5 standartına uyğun yanacağın istehsalına başlandıqdan sonra bir müddət YDM-də əvvəlki dövrlərdə istehsal edilmiş yanacaq satılacaq, çünki enerji təhlükəsizliyini təmin etmək üçün yanacaq istehsal edilir və tədarük olunur.Əgər istehsal dayandırılsa, ölkə yanacaqsız qalmamalıdır".

SOCAR rəsmisi həmçinin, avtomobillərin yeni standartlara uyğunlaşmalı olduğunu qeyd edib. Mühərrik yanacağın emisiyasını (tullantısını) azaltmalıdır. Azərbaycanda "Avro-5" standartlı benzin istehsal olunandan sonra bu standarta uyğun yanacaqla işləyən avtomobillərin sayı arta bilər. Qiymətlərin artma ehtimalına gəlincə, İ.Əhmədov bildirib ki, Azərbaycanda benzinin qiymətini tənzimləyən qurum SOCAR deyil:“Qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Gələcəkdə ölkə daxilində satış qiymətləri ilə bağlı qərarı dövlət verəcək. Bu günə qədər idxal olunan yanacağın satış tariflərini dövlət yox, bazar müəyyən edirdi. Ölkə daxilində istehsal edilən Aİ-92 və dizelin tariflərini isə dövlət müəyyən edirdi”.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası layihəsi çərçivəsində yaxın iki ay ərzində 4 yeni qurğuda istismara hazırlıq işləri başlayacaq. Yeni məşəl təsərrüfatı, buxar istehsalı və suyun deminerallaşdırılması qurğuları, yeni susoyutma
qurğusu və müvafiq infrastrukturların işə salınması yeni əsas emal qurğularının istehsala başlaması üçün tələb olunan yanacaq təminatına imkan verəcək və su/buxar kimi yardımçı xidmətləri təmin edəcək. Məşəl təsərrüfatı fövqəladə hallarda təhlükəsizliyi təmin etmək üçün karbohidrogen maddələrinin sistemdən boşaldılması məqsədi ilə istifadə ediləcək. 2020-2021-ci illərdə tikinti sektorunda mövcud məhdudiyyətlərə və təklif sıxlığına baxmayaraq, görülən tədbirlər nəticəsində layihənin icrasında əhəmiyyətli irəliləyiş (2021-ci ilin əvvəlindən 25%, pandemiya dövründə isə təqribən 45%) əldə edilib. Ümumilikdə, cari ilin oktyabr ayının sonunadək layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85%-dən yüksək olub. Cari ilin sonunadək layihənin hazırkı mərhələsi üzrə yenidənqurma işlərinin 90%-nin tamamlanması gözlənilir. Hazırda NEZ-də istismara hazırlıq və sazlama işlərinə başlanıb, eyni zamanda 2022-ci ildə zavodda aparılacaq əsaslı və dövri təmir işlərinə fəal hazırlıq görülür.

Növbəti addım olaraq, digər köməkçi qurğuların – yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu və son olaraq, dizelin hidrotəmizləmə qurğusunun işə salınması ilə NEZ-də artıq Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalına başlanacaq. Avro-5 dizel istehsalı üzrə işlərin 2022-ci ilin ortalarında başa çatdırılması və əsas qurğuların da həmin vaxt işə salınması planlaşdırılır. Növbəti bir il ərzində isə daha keyfiyyətli AI-92 benzinin istehsalı və nəhayət Avro-5 standartına cavab verən AI-92 və AI-95 benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, pərakəndə satışa çıxarılan yanacaq enerji təhlükəsizliyinin təmin olunması üçün adətən əvvəlcədən istehsal olunur və yanacaqdoldurma şəbəkələri tərəfindən tədarük edilərək, tədricən reallaşdırılır.Odur ki, yanacaqdoldurma məntəqələrində əvvəlki dövrdə istehsal olunmuş yanacağın tükənməsi və yeni keyfiyyət standartına uyğun istehsal olunan yanacaqla tam əvəzlənməsi tədricən gercəkləşəcək. Bu proses Avro-5 standartına cavab verən yanacaq istehsalının başlanmasından sonra bir neçə ay davam edə bilər.

2020-ci ildən NEZ-in modernizasiyası, layihənin daha səmərəli idarə olunması məqsədi ilə SOCAR Downstream şirkətinə həvalə olunub. Beynəlxaq məsləhətçilərin iştirakı ilə inteqrasiya olunmuş layihə komandası yaradılıb və layihənin idarəedilməsinə yüksək ixtisaslı mütəxəssislər cəlb olunub. SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanı AI-92, dizel və təyyarə yanacağı kimi mühüm yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. NEZ-in istehsal səmərəliliyinin artırılması, ölkənin Avro-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaq növləri ilə təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Nigar Həsənli
Musavat.com