Azərbaycana gətirilən 12 nəfər İŞİD-çi ailələrindəndir?

Hüquqşünas: “Qadınların, uşaqların terror dəstələrində iştirakları aydınlaşdırılır və müvafiq qərarlar verilir”

Noyabrın 24-də Azərbaycan Suriyada düşərgədə saxlanılan 12 vətəndaşını ölkəyə qaytarıb. Bu haqda BBC-nin Azərbaycan redaksiyası məlumat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, ölkəyə gətirilən azərbaycanlılar Suriyada Cerablus şəhərindəki Amerna düşərgəsində olublar.

Nazirlik bildirib ki, hökumətin “mərhələli və əlaqələndirilmiş tədbirlər”i nəticəsində azərbaycanlıların qaytarılmasına nail olunub. Qurumun məlumatına görə, əvvəlcə ölkəyə gətiriləcək şəxslərin yeri, şəxsiyyəti müəyyən edilib. “Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız ”Azərbaycan Respublikasına qayıdış şəhadətnamə"ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib", - Azərbaycan XİN bildirib. Nazirlik elan edib ki, ölkəyə gətirilən vətəndaşların reabilitasiyası və reinteqrasiyası üçün tədbirlər görüləcək.

Ötən ayın sonunda Azərbaycan İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan 38 uşağı ölkəyə qaytarıb. XİN həmin vaxt elan edib ki, ölkəyə İraqdan 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşı gətirilib. İraq düşərgələrindən gələnlər İŞİD-çi döyüşçülərin arvad-uşaqları olması ehtimalı böyükdür. 2019-cu ildə o ailələrin Bakıdakı doğmaları “Yeni Müsavat”a müraciət edərək, hökumətdən vətənə dönmələri üçün xahiş edirdilər. O dövrdə onların qayıdışına isti baxılmırdı. İndi isə vətəndaşlarımızın geri qayıtmaları və reabilitasiyadan keçmələri üçün şərait yaradılır.

Dəyişən nədir? Bunlar hansı şərtlər altında reallaşır? İraqdan gələnlər İŞİD-çi döyüşçülərin ailələridirsə, onların potensial, gizli terrorçu olmamalarına zəmanət varmı? İraq düşərgələrindən gələnlər İŞİD-çi döyüşçülərin arvad-uşaqlarıdırmı?

Əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunur. Bunun üçün ölkəmizdə xüsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində digər qurumlarlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də ölkəmizə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov mətbuata açıqlamalarında Suriyada, İraqda döyüşən azərbaycanlılarla bağlı məsələnin hüquq-mühafizə orqanlarının, xüsusi xidmət orqanlarının nəzarətində olduğunu açıqlamışdı. Bildirmişdi ki, bu məsələ hüquq mühafizə orqanları üçün prioritet fəaliyyət sahəsidir. O, İŞİD-ə qoşulanlar və onların ailə üzvlərinin sayı ilə bağlı rəqəmləri də açıqlamışdı. Sitat: “Bu hesablama əlbəttə ki, təqribidir. Bugünkü statistikaya görə, o münaqişəyə qoşulmuş 300-ə yaxın azərbaycanlı ölüb. Ümumilikdə götürsək, 900-ə yaxın azərbaycanlının və onların ailə üzvlərinin bu münaqişələrə qoşulması haqqında məlumat var. Bəzisi döyüşçü kimi, bəzisi onun ailə üzvü kimi gedib. 300-ə yaxının öldüyü barədə məlumat var, 92 nəfər haqqında məhkəmə hökmü qüvvəyə minib, o cümlədən, 260-a qədər adamın Azərbaycan vətəndaşlığı ləğv edilib. Yeni şəxslər də müəyyənləşib ki, onların da vətəndaşlığı ləğv olunacaq. Yəni onlar ölkəyə qayıda bilməyəcəklər. Qayıtdıqları təqdirdə artıq onlar ölkəyə buraxılmayacaqlar. Sağ qalanların üçüncü ölkələrdə gizlənməsi barədə məlumatlarımız var. Bu barədə aidiyyəti qurumlar tərəfdaş ölkələrlə birgə iş aparır”.

Hüquqşünas Natiq Ələsgərova görə, çalışmaq lazımdır ki, həmin şəxslər Azərbaycana gətirilsin, qanun qarşısında cavab versinlər: “Burada həm Azərbaycanın imkanlarından istifadə edilməlidir, həm də beynəlxalq aləmdə terrorizmlə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlıq imkanlarından istifadə olunmalıdır. Bu gün Azərbaycanın xüsusi xidmət orqanlarının terrorçuların hansı ölkələrdə olmalarından asılı olmayaraq, onları ölkəyə gətirmək imkanları var. Bir növ hər kəs anlayır ki, Azərbaycanın əli uzundur. Bu eyni zamanda, ölkəmizin həm xüsusi xidmət orqanlarının, həm də bir dövlət orqanının nüfuzunun güclənməsinə gətirib çıxara bilər. Buna müsbət bir amil kimi baxmaq lazımdır. Terroristlərin, yaxud beynəlxalq terror təşkilatları sıralarında vuruşanların, terrorizmdə şübhəli bilinənlərin vətəndaşlıqdan çıxarılması problemin köklü həllindən yayınmaqdır. Xüsusi xidmət orqanları onların saxlanılmasına, həbs edilməsinə və ölkəyə gətirilməsinə, hüquq-mühafizə sistemlərinin bu istiqamətdə çalışmasına diqqət verməlidirlər. Onlar Azərbaycan qanunvericiliyinə əsasən, haqq-ədalət mühakiməsinə çıxarılmalı və cavab verməlidirlər”.

Hüquqşünas deyir ki, İŞİD-çilərin ailə üzvləri ölkəyə gətiriləndən sonra onlarla bağlı reabilitasiya tədbirləri həyata keçirilir: “Terrorçu dəstələrdə döyüşmüş şəxslərin ailə üzvləri xüsusi yoxlamadan keçirilir. Qadınların, uşaqların terror dəstələrində iştirakları aydınlaşdırılır, buna müvafiq qərarlar verilir”.

Natiq Ələsgərovun sözlərinə görə, bu gün Azərbaycan xüsusi xidmət orqanları həm öz imkanları çərçivəsində, həm də beynəlxalq əməkdaşlıq, yaxud ikitərəfli, çoxtərəfli əməkdaşlıq çərçivəsində müxtəlif xüsusi xidmət orqanları ilə informasiya mübadiləsi aparırlar:  “Bu imkanlarından yararlanıb terror təşkilatlarında, qanunsuz silahlı birləşmələrdə olmuş Azərbaycan vətəndaşlarının yerini müəyyən edib saxlayır, ölkəyə gətirə bilir. Onlar ekstradisiya ediləndən sonra Azərbaycan qanunları çərçivəsində mühakimə olunurlar. Onların təhlükəli olduqlarına gəlincə isə, əlbəttə, ciddi potensial təhlükədirlər. Onlar şəxsiyyət vəsiqələrini dəyişdirib, ya saxta, ya da qanuni yollarla müxtəlif ölkələrin vətəndaşlığını aldıqdan sonra yenidən Azərbaycana gələ bilərlər. Yaxud üçüncü ölkələrdən qanunsuz yolla Azərbaycana gələ bilərlər. Müxtəlif qrupların tərkibində onların ölkəmizə gəlmək imkanları da var. Düzdür, hazırda şəxsiyyətin müəyyən edilməsi üçün daha dəqiq metodlar var, amma yenə də açıq yerlər qalır və onlar bundan istifadə edə bilərlər. Bu məsələnin köklü həlli o şəxslərin şəxsiyyətlərinin müəyyən olunması, hansı ölkələrdə olmaları və həmin ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqla o terrorçuların həbs edilib, ölkəyə ekstradisiyalarına, burada mühakimə edilmələrinə nail olmaqdan keçir”.

Qeyd edək ki, bu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və ölkəmizə gətirilib. Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”