Azərbaycana buğda tədarükündə Rusiyanın payı artıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Bakıda Rusiya Taxıl İttifaqının təşəbbüsü ilə 9 ölkədən nümayəndələrin toplaşdığı və biçin mövsümünün nəticələrinə yekun vuran “Qlobal Qrein Outluk 2022” 12-ci Beynəlxalq Taxıl Ticarət Konfransı keçirilib.

Tərəflər qeyd ediblər ki, son üç ildə dünyada bu və ya digər səbəbdən taxıl tədarükü zəncirində fasilələr yaranıb və ərzaq təhlükəsizliyinin təmin edilməsində problemlərin aradan qaldırılması üçün səylərin daha çox koordinasiyasına ehtiyac var.

Konfransda təqdim olunan slaydlardan məlum olduğu kimi, dünyanın ən böyük taxıl istehsal edən ölkələrindən biri olan Rusiya Federasiyasında 2021/22 mövsümündə dənli və paxlalı bitkilərin ümumi məhsulu 121,4 milyon ton təşkil edəcək, lakin artıq 2022/23 mövsümündə artımın 152,2 milyon tona çatdırılması planlaşdırılır.

2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər Rusiya Federasiyası dünya bazarında vəziyyətdən asılı olaraq 51 milyon tondan (pessimist proqnoz, lakin 2020/21 səviyyəsi) 63 milyon tona qədər (nikbin proqnoz) taxıl və paxlalı bitkilər ixrac etməyi planlaşdırır. 

Eyni zamanda, Rusiya Federasiyası dünyanın ən böyük buğda ixracatçısıdır (hazırda onun payı 19% təşkil edir, lakin ən böyük göstərici 2017/18 mövsümündə olub - dünyada payı - 23%), 2021/22 mövsümdə də onun tədarükü 12 milyon ton təşkil edəcək.

Maraqlıdır ki, Rusiya ənənəvi olaraq Azərbaycana buğda tədarükündə liderdir.

2020-ci ildə o, faktiki olaraq Azərbaycanda buğda kəsirini tam ödəyib və 2021-ci ildə onun bu strateji əmtəənin tədarükçüsü kimi payı 96% təşkil edib.

Azərbaycanın buğdaya illik tələbatı təxminən 1 milyon 200 min ton olsa da, yerli istehsal bu tələbatın yalnız dörddə birini ödəyir.

2022-ci ildə Azərbaycanda 1 milyon 19 min 934 hektar sahədə dənli bitkilər əkilib, bunun da 606 min 338 hektarında buğda, 413 min 596 hektarında arpa səpilib.

Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyinin departament müdiri Əmir Məmmədov bildirib ki, “Azərbaycan hər il 1-1,1 milyon ton buğda idxal edir, lakin işğaldan azad edilmiş torpaqlarda potensial görür”.

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov qeyd edib ki, hazırda buğda kəsirinin ödənilməsində ölkənin əsas tərəfdaşları Rusiya və Qazaxıstandır.

“Eyni zamanda, müasir suvarma texnologiyaları və resursa qənaət hesabına ərzaq buğdası istehsalının artırılması nəzərdə tutulur. Həmçinin 2023-cü ildən istehsalçıları stimullaşdırmaq üçün əkin və məhsul yığımına subsidiyaların verilməsi nəzərdə tutulur. Yerli istehsalçıların maraqlarını qorumaq məqsədilə ərzaq buğdasına minimum qiymət müəyyən edilib. Bu mexanizm taxılçılıqda yeni innovativ texnologiyaların tətbiqi yolu ilə keyfiyyətli toxum istehsalına və sertifikatlı toxumların tətbiqinin genişləndirilməsinə təkan verəcək”, - deyə Zeynalov vurğulayıb. 

Konfransda Qazaxıstan Taxıl İttifaqının ticarət komitəsinin rəhbəri Aleksandr Malov bildirib ki, Qazaxıstan Azərbaycan və Türkiyə bazarlarına taxıl tədarükünü artırmaqda maraqlıdır.

“Biz Azərbaycan bazarına qayıtmaq istərdik (burada 2014-15-ci ilə qədər fəal idik). Bununla bağlı sentyabr ayından xüsusi iş aparılır. Əlavə variant Türkiyədir. Biz keyfiyyət göstəricilərinə zəmanət veririk”, - deyə Malov qeyd edib. 

Digər buğda tədarükçüləri arasında Azərbaycan Moldovanı da nəzərdən keçirir, bu ölkədən 2022-ci ilin oktyabrından 2023-cü ilin martına kimi Azərbaycanda istehsal olunan gübrələrin tədarükü müqabilində 100 min ton buğda ala bilər.