Azərbaycan Ziyalılar Birliyi Qüds günü ilə bağlı bəyanat verib

Beynəlxalq “Qüds günü” bir simvol olaraq, bəşəri dəyərlərin təntənəsini, sülhü, əmin-amanlığı, insanların, dövlətlərin təkamül yolunu seçməsini və buna heç bir alternativ olmadığını ehtiva edir.  Zalımların qarşısından çəkilməmək, məzlumlara dayaq olmaq və bu yolda vəhdətə gəlmək – bu, “Qüds günü”nün ali tələbidir.
 
Bu barədə Azərbaycan Ziyalılar Birliyinin Qüds günü ilə bağlı verdiyi bəyanatda bildirilir.
 
Bəyanatda daha sonra bildirilir ki, Beynəlxalq “Qüds günü” habelə təcavüzə, aqressiv işğalçılıq siyasətinə qarşı mücadilə günüdür: 
 
“Mütərəqqi düşüncəli hər bir insan bu bu taleyüklü mübarizədə iştirak etməyə borcludur. Biz bu gün Qüds və Qarabağın taleyindəki oxşar paralellər haqda düşünərkən, eləcə də təcavüz və qəsbkarlığın səbəblərinə nəzər salarkən müsəlman ümmətinin başı üzərində hansı real təhlükələrin olduğunun fərqinə varmalıyıq.
 
Bu gün İraqda, Əfqanıstanda, Suriyada, Kəşmirdə, Yəməndə, Fələstində və digər islam dövlətlərində hələ də günahsız və məsum insanların qanı axıdılır... Bu gün qəsbkarlıq və müstəmləkəçilik, irqçilik və xudpəsəndlik xəstəliyinə yoluxmuş üzdəniraq islamafob dövlətlər İslam dinini, İslam dövlətlərini hədəf seçiblər! İsrail rejiminin Fələstində, Ermənistanın Azərbaycanda, ABŞ-ın Suriya, Əfqanıstan və İraqda, Rusiyanın MDB məkanında çıxardığı “oyunlar” xarici siyasət anlayışına parodiyadır – dəhşətli və qanlı parodiya!
 
Bu gün Beytül-Müqəddəs əsarətdədir!
 
Bu gün Qarabağımız işğal altındadır!
 
Bu gün Fələstində günahsız insanların qanı su yerinə axıdılır!
 
Bu gün Suriya can verir...
 
Biz inanırıq ki, möhtərəm İmam Xomeyni həzrətlərinin səpdiyi işıq və günəş toxumu  mütləq öz bəhrəsini verəcək. Və az müddət ərzində bu günəş və işıq toxumlarından sülh, əmin-amanlıq, insana sevgi, insaniyyət,əxlaqi və mənəvi dəyərlər cücərəcək.
 
Və məhz elə buna görə bu gün biz, hər bir vətəndaşımızı zorakı və irqçi siyasət yürüdən riyakar dövlətlərin mənəvi-psixoloji və hərbi deqradasiya uçurumuna yuvarlanmasına öz etirazını açıq və qəti şəkildə bəyan etməsinə çağırırıq.
 
Biz Qüdsə, - Beytül-Müqəddəsə və dədə-baba yurdumuz Qarabağa azadlıq, azadlıq və yenə də AZADLIQ tələb edirik!” 
 
faktxeber