Azərbaycan Xudafərin körpüsünü UNESCO siyahısına salmaq üçün işə başladı

Xudafərin körpülərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün prosesə başlanılıb.
 
Bu sözləri noyabrın 16-da mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
 
Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, körpülər bütün meyarlarına görə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyə layiq olan abidələrdir:
 
"Məsələylə əlaqədar olaraq biz artıq nominasiya dosyesinin hazırlanması prosesinə başlamışıq. İlk növbədə Xudafərin körpüləri UNESCO-nun ilkin siyahısına daxil edilməlidir. Bundan sonra isə Xudafərin körpüləri sərhəd bölgəsində yerləşdiyi üçün İran İslam Respublikası ilə birgə onun Ümumdünya İrs Siyahısına daxil edilməsinə çalışacağıq. Bu, bizim üçün önəmli məsələlərdən biridir. Çünki Xudafərin körpüləri Azərbaycan memarlığının incilərindən hesab edilir”.