Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması istiqamətində yeni layihələr həyata keçiriləcək

2022-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Giperssilka.ru xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Son 3 ildə ticarət artımı qeydə alınsa da, rəqəmlər mövcud potensialı əks etdirmir:

“İki ölkə arasında ticarət dövriyyəsi əsasən neft, neft məhsulları, ərzaq məhsulları hesabına artır. Ancaq biz maraqlıyıq ki, birgə istehsal müəssisələri yaradılmaqla bu göstəricilər artsın. Bu istiqamətdə hər iki ölkənin sahibkarları tərəfindən istək var”.

O bildirib ki, Azərbaycan və Ukrayna arasında ticarət əməkdaşlığının gücləndirilməsi üçün institusional dəstək artmaqdadır:

“Ukrayna Ticarət və Sənaye Palatası bu istiqamətdə sahibkarlara dəstək verməyə hazırdır. İnanırıq ki, gələn il daha uğurlu layihələrin şahidi olacağıq”.