Azərbaycan və Türkiyə HHQ-nin Gəncə üzərində birgə uçuşları

Bu gün saat 14:00-da Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin nümunəvi uçuşları keçiriləcək. Uçuşlara hər iki ölkənin hərbi təyyarələri və vertolyotları cəlb ediləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Tədbir sentyabrın 15-də Bakının azad edilməsinin 102-ci ildönümünə həsr olunub.

102 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan etdiyi hökumət Bakının işğalı səbəbindən Gəncədə yerləşib.

Sentyabrın 15-də  türkiyəli sərkərdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti  milli ordusunun hissələri Bakını “Mərkəzi Xəzər diktaturası” (Sentrokaspi diktaturası) eser-menşevik hökumətinin qoşunlarından, erməni Daşnaksütyun Partiyasının və ingilis ekspedisiya qruplaşmasının silahlı dəstələrindən azad ediblər.

Bundan sonra AXC hökuməti paytaxta köçüb.