Azərbaycan və Belarus XİN rəhbərləri arasında telefon danışığı

Azərbaycan və Belarusun Xarici İşlər nazirləri Elmar Mamedyarovla Vladimir Makei arasında telefon danışığı olub.
Operativ.tv xəbər verir ki, nazirlər ölkələrin koronavirusla mübarizə istiqamətində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb, bu məsələdə beynəlxalq əməkdaşlığın və həmrəyliyin vacibliyini vurğulayıblar.
 
İkitərəfli münasibətlərə toxunan XİN rəhbərləri, Azərbaycan və Belarus arasında yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd ediblər.
 
Pandemiyaya baxmayaraq, iki ölkənin ticarət-iqtisadi əməkdaşlığının qorunub saxlanılması və gələcək inkişafının əhəmiyyəti vurğulanıb. Nəqliyyat, logistika və enerji sektorlarında qarşılıqlı fəaliyyət və birgə layihələrin həyata keçirilməsi məsələləri diqqətdə olub.
 
Nazirlər beynəlxalq təşkilatlar, o cümlədən BMT və MDB, həmçinin Avropa İttifaqı, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq və razılaşdırılmış fəaliyyət məsələlərini də müzakirə ediblər.
 
Müxtəlif səviyyələrdə gələcək ikitərəfli əlaqələrin gündəliyinə toxunan XİN rəhbərləri koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətləri aradan qaldırdıqdan sonra onları davam etdirmək barədə razılığa gəliblər.