Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq

“Azərbaycan Hava Yolları” QSC İran İslam Respublikası istiqamətində olan hava reysləri barədə məlumat yayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə hər hansısa dəyişiklik nəzərdə tutulmayıb.

Çoxsaylı müraciətlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

AZAL prezidenti Cahangir Əsgərov bildirib ki, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır: "Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüləcək.