Azərbaycan gələn ilin yazında alternativ enerji sahəsində hərraclar keçirəcək

Azərbaycan 2020-ci ilin yazında alternativ enerji sahəsində 8 ərazi üzrə hərrac elan edəcək.

Bunu Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hərraclar Azərbaycanın 8 coğrafi məkanında 5 külək və 3 günəş enerjisi stansiyalarının quraşdırılması layihələri üzrə elan ediləcək.

 

S. Axundov qeyd edib ki, Azərbaycanın külək enerji potensialı 3 min MVt, günəş enerjisi üzrə isə bu göstərici 20 min MVt-dan artıqdır.

“Əsas məqsəd 2030-cu ildə alternativ və bərpa olunan enerji mənbələrinin Azərbaycanda istehsal edilən elektrik enerjisində payını 30%-ə çatdırmaqdır”, - deyə S. Axundov əlavə edib.

Qeyd edək ki,  hazırda alternativ enerji mənbələrinin respublika üzrə elektrik enerjisinin istehsalında 8,1%-dir.