“Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi işdən çıxarılan işçilərin problemlərinin həllilə bağlı tədbirlər haqqında

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti işdən çıxarılan işçilərin ödənişlərilə bağlı tədbirləri açıqlayıb. Bu barədə Turana istinadən Operativ.tv məlumat yayıb. 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin saytındakı məlumatda deyilir ki, koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsiri fonunda “Azərbaycan Dəmir Yolları”nda işlərin və sərnişin daşımanın həcmi azalıb. Eyni zamanda bəzi işçilər cəlb olunmayıb, fasilələr yaranıb. Bu, “Azərbaycan Dəmir Yolları”nın 18 min işçisindən 2000-nə təsir edib.

Eyni zamanda pandemiya dövründə və yaxın vaxtlara qədər boş dayanan işçilərə aylıq əməkhaqqı ödənilib, bundan ötrü 10 milyon manat vəsait xərclənib.

Lakin “Azərbaycan Dəmir Yolları”nda yaranmış iqtisadi vəziyyət sahənin sağlaşdırılması üçün tədbirlərin görülməsini, əsasən borcların restrukturizasiyasının nəticələrinin minimuma endirilməsini, xərclərin optimallaşdırılmasını, işçilərin sayının iş həcminə uyğunlaşdırılmasını tələb edir.

Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanma vaxtı işçilərin əməkhaqqı vəzifə maaşının 2/3 hissəsi məbləğində ödənilir.

İşdən çıxarılma təhlükəsilə üzləşən işçilərin məşğulluğunun təmin olunması üçün onların DOST İş mərkəzlərində işə cəlb olunması ilə bağlı aidiyyatı dövlət qurumları ilə danışıqlar aparılıb və razılıq əldə olunub.

Fəaliyyətsiz qalmış əməkdaşların yeni quruma keçidi zamanı boşdayanma zamanı alacaqları əməkhaqqının üçdə iki hissəsi ödəniləcək.

Eyni zamanda DOST İş mərkəzləri vasitəsilə onlara vəzifə  maaşlarının 5 misli həcmində birdəfəlik müavinətin ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu məlumat bələdçilərin maaşların artırılması tələbilə bugünkü etiraz aksiyasından sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin saytında dərc edilib.