“Azərbaycan COVID-19 peyvəndinin sifarişini indidən verməlidir”

Natiq Cəfərli: “Dövlət qadağa-təşviq, qadağa-mükafat prinsipi ilə işləməlidir”

Bütün dünyada olduğu kimi Azərbaycanda da COVID-19 virusuna yoluxma sürətlə artır.

İndiyədək gündəlik ölüm halı 29-a çatmamışdı.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, yayılma bu sürətlə davam edərsə, təhlükələr həm tibbi və həm də sosial-iqtisadi müstəvidə çoxala bilər.

Odur ki, hakimiyyətin post müharibə dövründə əsas diqqət göstərəcəyi sahələrdən biri də COVID-19 pandemiyasının neqativ təsirlərindən əhalini və sahibkarları qorumaq olmalıdır: “Hazırda əhalinin sağlamlığının təminatı sahəsində durum bir neçə ay bundan əvvəlki ilə müqayisədə yaxşı olsa da, mövcud səhiyyə infrastukturu, artan çarpayı, dərman, tibb ləvazimatı və həkim tələbatını qarşılaya bilməyəcək. Odur ki, hamıda özünüqoruma instinkti yüksək olmalıdır. Məncə, ən böhranlı ay bu ilin dekabrı və gələn ilin yanvarı olacaq. Çox böyük ehtimalla bir neçə aydan sonra koronavirusa qarşı peryvəndin kütləvi istehsalına başlanacaq”.

İqtisadçı əlavə edir ki, Azərbaycan höküməti peyvəndlə bağlı sifarişini indidən verməlidir. Belə olan halda sifarişlər ölkəyə vaxtında gətirilə bilər.

“Dövlət sahibkarlığa dəstək verməlidir”

İqtisadçı deyir ki, bununla yanaşı, dövlət əhalinin sosial-müdafiəsini gücləndirmək və sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli Tədbirlər Planında nəzərdə tutulan tədbirləri davam etdirməlidir:

“Təklif edirəm ki, bu ilin dekabr və gələn ilin yanvar ayları üzrə əhaliyə güzəştli işıq limiti ayda 100 kvts. həcmində artırılsın. Bununla əlaqədar olaraq 20 milyon manat vəsait tələb olunacaq. Eyni zamanda, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri 2021-ci tədris ilinin yaz semestri üzrə də ödənilsin. Bu məqsədlə də 20 milyon manat vəsait kifayət edər”.

“İşsizlərə də aylıq ödənişlərin verilməsi davam etməlidir”

Qubad İbadoğlu deyir ki, dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində birdəfəlik ödəmənin verilməsi də davam etməlidir: “Ödəniş məbləği bu ilin dekabr ayı üçün 190 manat, gələn ilin yanvar ayı üçün yaşayış minimumunun 2021-ci il üçün olan dəyəri həcmində müəyyənləşdirilməlidir. Bu il üçün tələb olunan büdcə 114 milyon manat təşkil edəcək. Bundan əlavə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi proqramı davam etdirilməlidir. Zərərçəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilməlidir”.

Maliyyə Nazirliyinin açıqlamasına görə, 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat olub. 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsir 479,0 mln. manat və ya 41,4 faiz az olub.

Qubad İbadoğu deyir ki, göründüyü kimi büdcədə gərginlik yoxdur. Yəni dövlət vətəndaşlarına bu çətin durumda dəstək ola bilər.

“Virusun ən geniş yayıldığı həftələri yaşayırıq”

İqtisadçı Natiq Cəfərli da deyir ki, dünyada COVID-19 virusunun ən geniş yayıldığı həftələri yaşayırıq. Yaz aylarına nisbətən günlük yoluxma sayı dünyada 3-4 dəfə artıb, eləcə də Azərbaycanda: “Bir çox ölkələrdə karantin sərtləşdirilir, qapanmalar var, amma hökumətdən həm biznesə, həm işçiyə-vətəndaşa dəstək paketləri gəlir. Hətta evdə uşağa nəsə qadağan edəndə, bu qadağanı stimullaşdırmaq üçün əvəzində nəsə təklif edirsən. Məsələn, uşağa deyirsən ki, gün ərzində TV-də cizgi filminə cəmi 1 saat bax, çox baxmaq qadağındır, əvəzində, bir dənə şokolad artıq yeyə bilərsən, və ya, dərslərinə 1 saat daha çox vaxt ayır, əvəzində sənə ay sonu flan oyuncağı alacam”.

“İnsanları evə qapadırsansa, problemlərini həll et”

İqtisadçı deyir ki, dövlət də bu cür etməlidir. Qadağa - təşviq, qadağa-mükafat prinsipi ilə işləməlidir: “Həftə sonu hər yeri qapatdız (ərzaq və aptekdən başqa), xub, ayda 8 gün qapalı olanda biznes dövriyyəsindən, məsələn, 100 manat itirirsə, onun da 15 manatı qazanc idisə, gələn ay açılanda vergisi aya 20 manat olacaqsa, ondan 15 manat çıxıb 5 manat ödəsin. Yox, əgər açılanda aylıq qazancı 10 manat olacaqsa (çoxunda elə olacaq - alıcılıq qabiliyyəti düşüb), 5 manat da dövlət versin. Vətəndaşa da ayrı təşviqlər olmalıdı - çox sadə olsa da məntiqi izah etməyə çalışdım”.

Xatırlatma

Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb. İndiyə qədər ən çox ölüm dünən, noyabrın 23-də qeydə alınıb: 29 nəfər.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.