Azər Mehtiyev: ƏDV-nin ləğvi bir neçə il sonra nəticə verəcək

"İxrac mallarının ƏDV-dən azad edilməsi yerli malların xarici bazarlarda rəqabət imkanlarını artırır”. 

 

İqtisadçı ekspert Azər Mehtiyev "Toplum TV”-yə açıqlamasında belə deyib. 

 

Noyabrın 16-da Nazirlər Kabinetinin 448 №-li qərarına əsasən Azərbaycanda ixrac malları ƏDV-dən azad edilib. 

 

Qərarın ixracın stimullaşdırılmasına yönəlik addım olduğunu deyən Azər Mehtiyevin sözlərinə görə, praktiki olaraq Azərbaycanda istehsal olunan məhsullar əlavə dəyər vergisinə cəlb olunduqda, ixrac olunan məhsullarda ikiqat vergi formalaşır, məhsul xarici bazarlarda bahalaşır və rəqabət qabiliyyəti aşağı düşür. 

 

"İndiki halda bu verginin ləğv olunması xərclərin azadılması və qiymətin aşağı salınması imkanı yaradır”.

 

Azər Mehtiyev həmçinin bildirib ki, bu qərar Azərbaycanda ixracyönümlü istehsalın inkişafına yönəlmiş addımdır. 

 

"Qeyri-neft sənayesi arzuladığımız səviyyədə formalaşmayıb. Yeni qərar emal sənayesinin formalaşmasına xidmət edəcək”. 

 

Belə addımların qısamüddətdə nəticə vermədiyini deyən iqtisadçı hesab edir ki, ixrac mallarının ƏDV-dən azad edilməsi ən azı bir neçə ildən sonra nəticəsini göstərə bilər.