Ayətullah Əbdül Hüseyn Əmini və möhtəşəm “Əl Qədir” kitabı (2-ci hissə)

Əbdül Hüseyn Əmini 1902-ci ildə İranın Təbriz şəhərində zahid və ədib olan bir şəxsin ailəsində, Ayətullah Mirzə Əhməd Əmininin evində dünyaya göz açır. Bu ailə İslam dünyasında xüsusi izlərə malik bir ailədir. Belə ki, onun babası, yəni Ayətullah Mirzə Əhmədin atası Molla Nəcəfqulu da öz yaşadığı dövrün böyük alimlərindən və tanınmış şəxsiyyətlərindən olmuşdur. O, hələ kiçik yaşlarında yaşadığı Təbrizin Sərdəha kəndində ilk təhsilini almış və ailə qurduqdan sonra ailəsi ilə birlikdə 1885-ci ildə Təbriz şəhərinə köçərək, orada elmi səviyyəsini daha da artırmışdır. Xalq arasında zahid, fazil, təqvalı, ədəbiyyatçı kimi tanınan Molla Nəcəfqulunun "Əminuş-Şəriət" (şəriətin əmanətçisi) ləqəbi ilə məşhur olması onun övladlarının və özündən sonra gələn bütün ailəsinin "Əmini" soyadını daşımasına səbəb olmuşdur. O, yaşadığı dövrdə Əhli-beytdən (ə) nəql olunan hədis və rəvayətlərə çox önəm verirmiş, bir neçə nüsxə rəvayət kitabları qələmə almış, həmçinin fars və azəri türkcəsində bir neçə şeir də yazmışdır. O, bütün şeirlərində "Vasiq" təxəllüsündən istifadə etmişdir. Molla Nəcəfqulu 1921-ci ildə 83 yaşında vəfat etmiş və Təbrz şəhərində dəfn edilmişdir. Lakin öz vəsiyyətinə əsasən, 13 ildən sonra onun nəşi Nəcəf şəhərinə aparılmış və "Vadius-səlam" qəbiristanında torpağa tapşırılmışdır. Onun nəşini ikinci dəfə Nəcəfdə dəfn edən şəxslərin dediyinə görə, onun ruhsuz bədəni 13 il torpağın altında qalmasına baxmayaraq, tamami ilə salamat qalmışdır. Əllamə Əmininin atası Ayətullah Mirzə Əhməd Əmini Təbrizi də öz dövrünün ən böyük müctəhidlərindən biri olur. O, yaşadığı dövrdə "Əl-Mufəccə" qəsidəsinin və Şeyx Ənsarinin "Məkasib" adlı kitabına şərhin müəllifi olmuş, 1950-ci ildə vəfat edərək, Qum şəhərinin "Noşəhr" adlı qəbiristanında dəfn edilmişdir.

 Atası Mirzə Əhməd oğlunu İmam Hüseynə (ə) nökər-Əbdül Hüseyn adlandıraraq sankı elə körpə çağından da onun gələcək müqəddəratının ilk addımını atır. İbtidai təhsilini o, atası alim və fəqih Mirzə Əhməddən alır. Mədrəsə yaşına qədəm qoyduğu zaman isə atası onu Təbrizin “Talibiyyə” mədrsəsinə gətirir. Əbdül Hüseyn burada müqəddimə dərsləri, ərəb dili, fiqh, üsul və sair elmləri mədrəsənin ruhani, alimləri Ayətullah Seyd Muhəmməd Hüseyn Musəvi, Ayətullah Seyid Murtəza və digər alimlərdən əldə edir. Yaşının azlığına baxmayaraq ciddi çalışma, iti fikri təhlil və məntiq onun bir çox uğurlarının əsas amilinə çevrilir. Dini elmlərin ruhu dərinliyi heç şübhəsiz ki, Əbdül Hüseynin varlığında daha çox ehtiyacların yaranmasına səbəb olur. O, dini elmlərin daha geniş və əhatəli bilgilərinə can atır. Əmini bu istəyini atasına bildirdikdə mənəviyyat yüklü Mirzə Əhməd oğlunu o dövrün dünya əhəmiyyətli elm mərkəzi olan Nəcəf Elmlər Mərkəzinə istiqamətləndirir. 1918-ci ildə Əbdül-Hüseyn təhsilini davam etdirmək üçün İraqın Nəcəf şəhərinə gəlir.

Dərslərində və davranış qaydalarında nizam-intizamı ilə seçilən Əllamə Əmini tələbəlik dönəmində də hər kəsin nümunə göstərə biləcəyi və haqqında həmişə tərif deyə biləcəyi bir şəxs olur. O, istər gündəlik həyatında, istərsə də dərslərində qarşılaşdığı bütün çətinlikləri Əhli-beytə (ə), xüsusi ilə İmam Əlinin (ə) müqəddəs hərəmində o Həzrətə təvəssül etməklə həll edir. Heç şübhəsiz bununla paralel olaraq o, böyük mütəfəkkirlərin tədrisindən bəhrələnirdə. Əmini İslam dünyası üçün tanınmış simalar Ayətullah Seyid Muhəmməd ibn Muhəmməd Baqir Hüseyni Firuzabadi, Ayətullah Seyid Əbu Turab ibn Əbul Qasim Xansari, Ayətullah Mirzə Əli ibn Əbdül Hüseyn İrəvani və Ayətullah Mirzə Əbül Həsən ibn Əbdül Hüseyn Meşkini kimi böyük ustadlardan yüksək səviyyədə dərs alaraq elmi mərifətini yüksəldir. Çox keçmir ki, Əllamə Əmini xaric dərslərə qoşulur. Onun tədrisdə qazandığı uğurunun davamı olaraq xaric dərslərdə də o, yüksək naliyyətə imza ata bilir. Din yolunda göstərdiyi fədakarlıq, nəhayət, onu elmi ictihada çatdırır. Onun bu ictihadını Ayətullah Seyid Əbül Hüseyn Musəvi İsfahani, Ayətullah Şeyx Əli Əsğər Mələki Təbrizi və "Ağa Bozorg Tehrani" ləqəbi ilə tanınan Ayətullah Şeyx Muhəmməd Möhsün Tehrani kimi böyük alimlər təsdiqləyir.

Nəhayət, 1934-cü ildə Ayətullah Əmini yenidən doğma torpağı olan Təbrizə geri dönür. Qısa bir müddət sonar isə o, burada təlim-tədris işlərinə başlayır. Beləcə Əmini özünün elmi dərəcəsini inkişaf etdirməklə yanaşı, xalqın da maariflənməsində mühüm rol oynayır. Təbrizdə qaldığı az bir müddətə o, çox böyük işlər sığışdıra bilir. İlk dəfə qələmə aldığı "Fatihətul-kitab" adlı təfsir kitabını da elə həmin vaxt kəsiyində yazır. Lakin Əllamə Əmini Təbrizdə uzun zaman qala bilmir. İmam Əlinin (ə) ziyarətgahına yaxın bir yerdə olmaq sevgisi, İslam mütəfəkkirləri ilə elmi fikir müzakirələri onu yenidən Nəcəfə doğru çəkir. Onun qərarı gerçəkləşərək ömrünün sonuna qədər o, bu müqəddəs şəhərdə yaşamaq, yazıb yaratmaq, eyni halda tədrislə məşğul olmaq onun qalan həyatının amalı olur. Tədrislə bərabər bu gün üçün də əhəmiyyətli olan qiymətli kitablar da Əllamənin qələminin nəticəsi olaraq sevilməkdədir. Bunlardan: "Fatihətul-Kitab" təfsiri, "Fəzilət şəhidləri", "Kamil-əz-ziyarat", "Ədəb əz-zair limən yəmummul-hair" (İmam Hüseyn (ə) qəbrinin ziyarətinin ədəbləri), "Tariximiz və ənənəmiz" (Hələb alimlərindən birinin suallarına cavab), "Riyazul-uns" (tarix, təfsir və hədis barəsində, ərəb və fars dillərində - əlyazma), "Azərbaycan şəxsiyyətləri" (234 Azərbaycanlı alim, ədib və şairlərinin tərcümeyi halı, əlyazma), "Səfərlərin səmərəsi" (əlyazma), "Əl-itrətut-tahirə fil-kitabil-əziz" (əlyazma), "Əl-Ğədir fil-kitab vəs-sünnə vəl-ədəb". ("Əl-Qədir" kitabı 20 cilddə (ərəb dilində) çap edilmişdir. Müəllif özü bu kitab barəsində belə demişdir: "Mən Əl-Qədir kitabını yazmaq üçün 10 mindən çox kitabı əvvəldən axıra qədər diqqətlə mütaliə etmişəm və 100 kitaba dəfələrlə müraciət etmişəm". Əllamə bu kitabda məşhur "Əl-Qədir" hədisini nəql edən 110 Peyğəmbər (s) səhabəsinin və 84 tabeinin adını sayır. Daha sonra hicri 2-ci əsrindən 4-cü əsrinə qədər bu hədisi nəql edən ravilərin adını qeyd edir. Sonunda da bu mövzu haqqında müxtəlif şairlərin şerlərini qeyd edir) adını qeyd etmək olar.

Zöhdü, təqvası və dini hökmlərə kamil riayət etməklə ömür sürür Əllamə Əmini. O, bu xoş əxlaqı və səmimiyyəti ilə öz məqsədinə gün keçdikcə daha da yaxınlaşır. Yüksək elmi səviyyəsinin müqabilində heç bir zaman təvazökarlığını tərk etməyən Əllamə Əmininin əməllərində əsla riyakarlıq və təkəbbürlük müşahidə edilmir. Xüsusi ilə danışığına çox diqqət edər, elmi-əqidəvi bəhslərdə həddən artıq təmkinli davranar, heç vaxt qəzəblənməz və ədəb qaydalarını pozmurdu. O, tam sevgi və məhəbbət dolu bir şəxsiyyət idi. Söhbətlərində, xüsusi ilə hər şeyi məhəbbətə bağlayar və bu hikmət dolu sualı hər yerdə işlədərdi: "Din məhəbbətdən başqa bir şeydirmi?” O, hətta yaradılışın əsasının da Allahın bəndələrinə qarşı olan məhəbbətindən irəli gəldiyini təkrar-təkrar söyləyərdi. "İnsanın Allaha məhəbbəti nə qədər çox olarsa, o qədər də günahdan uzaq olar" ifadəsi onun ən məşhur sözlərindən biri idi. Məhəbbət mövzusunda bir başqa maraqlı cümləsi "Namazına zəif diqqət edən şəxsin Allaha qarşı məhəbbətində nöqsan var" idi.

O, sadəcə, tövsiyə etməklə məşğul deyil, tövsiyə etdiklərindən də artıq əmələ sahib bir şəxs idi. Gecələr sübhə qədər gecə namazı qılar və sübh namazından sonra saatlarla Quran oxuyardı. O, ömrünün sonuna qədər bu proqramını heç pozmadı. Yeri gəlmişkən, onun Quranla olan ünsiyyəti də bir başqa aləm idi. O, ancaq Ramazan ayında özünü o ayın gəlişinə hazırlayar və bir ay müddətində 15 Quran xətm edərdi. Bu rəqəmin də onun üçün bir başqa anlamı var idi. 14 Quranı 14 Məsum (ə) üçün və birini isə əziz anasının ruhuna hədiyyə edərdi. Bundan başqa o, əlavə olaraq, digər aylarda da bir neçə Quran xətm edərdi. Onun Qurana nə qədər vaqif olması zatən yazdığı əsərlərində də özünü büruzə vermişdir.

Məhz bütün bu müsbət xüsusiyyətlər və bunlar ilə yanaşı, Əmirəlmöminin Əliyə (ə) olan dərin məhəbbəti onu "Əl-Qədir" adlı bu möhtəşəm əsəri yazmağa sövq edir. Onun bu kitabı yazmaq üçün sadəcə, mütaliə etdiyi kitab sayı on mindən çoxdur. O, günün 17 saatını, öz sözü ilə desək, hər kitabın "Bismillah"-ının "ba"-sından, "Təmmət"-inin "ta"-sına qədər dəqiqliklə mütaliə etməklə keçirirdi. Hər dəfə bir mətləbi kitaba əlavə etmək və onu dəqiqləşdirmək lazım gəldikdə o, yüzə yaxın kitabı təkrar-təkrar oxumalı olurdu. Bu ensiklopedik əsərin əhəmiyyəti haqqında bunu söyləmək kifayətdir ki, o, tədqiqat müddəti ərzində bir çox xarici ölkələrə səfər edir, böyük zəhmətlərə qatlaşaraq minlərlə kitab nəzərdən keçirir, minlərlə mənbəni diqqətlə, səhifə-səhifə oxuyaraq qeydlər aparır.

Müsəlman Birliyi Hərəkatı Təhlil və Araşdırma Mərkəzi