AXCP ilə münasibətə və AXCP - nin münasibətinə dair bilinməsi lazım olanlar

Bəzən sosial şəbəkələrdə fərqli fikirlər dostlar arasında anlaşılmazlığa, incikliyə səbəb olur. Bunu aradan qaldırmağın yolu heç də fikir fərqliliklərinin qarşısını almaq deyil. Eyni mövqedə olan insanlar bir birilərinin fərqli yanaşmalarını ittiham obyektinə çevirmədən, qarşılıqlı tolerant yanaşmağa da öyrəşməlidirlər.
Heç kimə sir deyil ki, AXCP bu gün sosial şəbəkələrdə olan üzvlərinin sayına görə ictimai rəyə ciddi təsir edəcək bir keyfiyyət və kəmiyyət gücündə olan bir təşkilatdır. AXCP demokratik bir təşkilat olaraq həm təşkilat daxili, həm də ölkə gündəmi ilə bağlı məsələlərdə öz üzvlərinin fərqli fikir ifadə etmələrinə həmişə normal yanaşıb. Ancaq bəzən hansısa cəbhəçinin gündəmdə olan bir məsələ ilə bağlı öz şəxsi fikirlərini bildirməsini, kənardan kimsə təşkilatın mövqeyi, onun şəxsinə qarşı AXCP - nin yanaşması kimi qəbul edir. Dostlar, əsla belə deyil. AXCP üzvləri partiya qərarı olmayan istənilən məsələ ilə bağlı sərbəst şəkildə öz fikirlərini bildirmək hüququna sahibdirlər. Yalnız hər hansı məsələ ilə bağlı partiya qərarı olduğu təqdirdə və ya müəyyən olunmuş siyasi kurs çərçivəsində cəbhəçilərin vahid mövqeyi ola bilər. Yerdə qalan bütün hallarda cəbhəçilər də başqaları kimi öz düşüncələrini ifadə etməkdə sərbəstdirlər. Bu zaman bizim üçün önəmli olan həmin fikirlərin siyasi etika çərçivəsində ifadə olunmasıdır ki, buna riayət olunması da hər zaman cəbhəçilərin qarşısında ümumi tələb kimi qoyulur. Ona görə də vətəndaş cəmiyyətinin, digər siyasi partiyaların ictimai statusu olan hər bir nümayəndəsinin bu nüansı nəzərə alması, davamlı əməkdaşlıq münasibətlərin qorunması baxımından çox önəmlidir.
Eyni zamanda hər bir ictimai, siyasi statusu olan şəxs bilməlidir ki, onun fəaliyyəti ictimai müzakirəyə açıqdır və digər sosial şəbəkə üzvləri kimi, cəbhəçilərin də bununla bağlı öz şəxsi rəylərini sərbəst bildirmək haqqı var. Bunun əksi başqaları üçün açıq müzakirə mövzusu olan məsələlərə cəbhəçilərin münasibət bildirməsinin qadağan olunması deməkdir. AXCP - dirijor çubuğu ilə idarə olunan bir qurum deyil və bu cür yanaşma partiya daxili demokratiya anlayışına ziddir.
Biz də öz növbəmizdə qəbul edirik ki, AXCP üzvləri də, hər zaman vətəndaş cəmiyyəti üzvlərinin müstəqil mövqeli olduğunu nəzərə alaraq, onlara münasibətdə öz partiya funksionerlərinə olan tələblə yanaşmamalıdırlar. Görünən də odur ki, cəbhəçilər demokratik prosesə töhvə verən, rejimin siyasətinə etiraz edən vətəndaş cəmiyyəti nümayəndələrinin razılaşmadıqları hər hansı fikir və mövqeyinə onları ittiham etmədən, sadəcə fərqli fikirlərini ifadə edərək münasibət bildirirlər. Dostlarvda gərək bu cür yanaşmanı cəbhəçilərin rejimin xidmətində olan şəxslərə qarşı sərgilədiyi kəskin tənqid mövqeyindən fərqləndirsinlər. Çünki, bu cür ictimai polemikalar zamanı mövcud rejimə qarşı olan hər bir ictimai, siyasi fiqurun mövqeyi ittiham olunmadan, yalnız hansısa fikirlərə tənqidi münasibət, elə özü həm dost yanaşmasıdır, həm də demokratiyanın gərəyidir.
 
Fuad Qəhrəmanlı.