AXCP fəallarının şikayəti təmin olunmayıb

Aprelin 21-də Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov və “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin də 30 sutkalıq inzibati həbs qərarından verilən şikayətə baxılıb. Onların işi üzrə məhkəmələr ayrı-ayrılıqda keçirilsə də, şikayətlərə eyni hakim baxıb – Habil Məmmədov. Nəticə də eyni olub – apelyasiya şikayətlərinin heç birini təmin etməyib. Onların heç biri də məhkəməyə gətirilməyib.

F.Əmirli aprelin 8-də evinin yanında zibil atmaqdan qayıdarkən, R.Əmirov isə xəstə oğlunu həkimə apararkən xəstəxananın yaxınlığında saxlanılıb. Onların hər ikisi İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) maddəsilə təqsirləndirilərək, 30 sutkalıq həbsə göndərilib.

Məhkəməyə F.Əmirlinin media nümayəndəsi olduğunu təsdiqləyən vəsiqə, R.Əmirovun da evdən çıxmaq üçün SMS-icazəsi sübut kimi təqdim olunub.