Avropol 60 internet fırıldaqçısını həbs edib

Avstriya hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə həyata keçirilən beynəlxalq əməliyyat virtual məkanda fırıldaqçılıqla məşğul olmaqda şübhəli bilinən 60 nəfərin həbs edilməsinə imkan verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinə dəstək verən Avropa Polis Agentliyindən (Avropol) məlumat verilib.

"Əməliyyat fırıldaqçılıqla məşğul olan, xüsusən də müxtəlif platformalarda qanunsuz əməliyyatlar həyata keçirən və oğurlanmış kredit kartı məlumatlarından internetdə alış-veriş etmək üçün istifadə edən cinayət şəbəkələrinə qarşı olub", - təşkilatdan bildiriblər.

Əməliyyata Kolumbiya və 18 Avropa ölkəsi, o cümlədən Böyük Britaniya, Almaniya və Fransa qatılıb. Şübhəlilər sentyabrın 23-dən oktyabrın 4-dək həbs olunub.

"6,5 mindən çox fırıldaqçılıq əməliyyatı aşkar edilib, 40 evdə axtarışlar aparılıb və 60 nəfər həbs olunub", - təşkilatdan vurğulayıblar. Kibercinayətkarların fəaliyyəti nəticəsində vurulan zərər, ilkin məlumata görə, azı 5 milyon avro təşkil edib.