Avropa Şurası Türkiyəyə xəbərdarlıq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, 2005-ci ildən Almaniyanı idarə edən Angela Merkellə vidalaşan Avropa Şurası iki günlük sammitdən sonra bir qətnamə mətni hazırlayıb.   Avropa Şurası qətnamə mətnində Türkiyəni xəbərdar edib.   Mətnin 17 və 18-ci maddələrində Türkiyə ilə bağlı açıqlamalar olduğu halda, Ankaranın 2016-cı ildə Avropa İttifaqı (Aİ) ilə imzalanan qaçqın sazişinə əməl etməli olduğu da xatırladılıb.   Türkiyə, İordaniya və Livan kimi ölkələrə suriyalı qaçqınlara maliyyə dəstəyi verəcəyi 17-ci maddədə bildirildiyi halda, 18-ci maddədə "Avropa Şurası Türkiyəni 2016-cı ildə Aİ və Türkiyə arasında imzalanan müqaviləni Kiprin yunan hissəsi də daxil olmaqla tamamilə və ayrı-seçkilik olmadan həyata keçirməyə çağırır", - deyə bildirilib.   Qətnamə mətnində Türkiyənin adı çəkilmədən daha bir xəbərdarlıq edilib.   Mətndə deyilir: "Avropa Şurası üçüncü ölkələrin siyasi səbəblərdən qaçqınlardan silah kimi istifadəni qəbul etməyəcək. Biz Aİ sərhədlərinə edilən bütün hibrid hücumları pisləyirik və buna uyğun cavab verəcəyik".   Avropa İttifaqı bu ifadələrlə son zamanlar gərginliyin artdığı Belarusiyaya işarə etsə də, Yunanıstanda ən çox oxunanlardan "Kathimerini" qəzeti "Bu Türkiyəyə dolayı bir mesajdır, Türkiyə də eyni taktikanı 2020-ci ilin əvvəlində tətbiq etmişdi", - deyə şərh verib.