Avropa Məhkəməsi yenə Azərbaycanı cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 7-də araşdırmaçı jurnalist Xədicə İsmayıl ilə bağlı növbəti qərarını açıqlayıb. 
 
Bu barədə məlumatı media hüququ üzrə ekspert Xalid Ağalıyev öz feysbuk hesabında yayıb. 
 
Qərar Xədicə İsmayılın jurnalistika fəaliyyətinə qarşı edilən hədə-qorxu kampaniyası ilə bağlı olub. 
 
AİHM-ə şikayətdə jurnalistin şəxsi həyata hörmət, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququna müdaxilə olunduğu iddia edilib. 
 
Avropa Məhkəməsi 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddə üzrə şikayətləri qəbuledilən sayıb, hesab edib ki, Xədicə İsmayılın şəxsi həyata hörmət hüququna müdaxilə olunub. 
 
Məhkəmə hökumətyönlü iddia edilən "Səs” qəzetinin yaydığı məqalələrə görə hökuməti cərimələyib. 
 
2012-ci ildə "Səs” qəzeti jurnalist barəsində aşağılayıcı məqalələr yayıb. 
 
Azərbaycan hökuməti Xədicə İsmayıla 6 min avro təzminat ödəməlidir.  
 
Jurnalist 2014-cü ildə məhkəməyə şikayət edib.  
 
Bu qərar AİHM-in X.İsmayıl  barəsində elan etdiyi 3-cü qərardır. 
 
Avropa Məhkəməsinin Xədicə İsmayıl ilə bağlı ilk qərarı 2019-cu ilin yanvarın 10-da olub.  
 
Bu iş jurnalistin videogörüntülərinin yayılması nəticəsində CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır.  
 
Avropa Məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb.  
 
Bununla da məhkəmə jurnalistə mənəvi zərərə görə 15,000 avro, məhkəmə xərclərinə görə 1,750 avro müəyyən edib. 
 
Avropa Məhkəməsinin 2-ci qərarı 2020-ci ilin fevraln 27-də olub. 
 
Bu qərar onun həbs edilməsi, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunması, 7.5 il azadlıqdan məhrum edilməsi ilə bağlı olub. 
 
Avropa Məhkəməsi hesab edib ki, bu işdə dövlət araşdırmaçı jurnalistin 5-ci, 6-cı, 10-cu və 18-ci (5-ci maddə ilə birgə götürülməklə) maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə edib.  
 
AİHM bu pozuntulara görə,  Azərbaycan hökumətini ümumilikdə 25 min avro cərimələyib.