Avropa Məhkəməsi İqbal Ağazadənin şikayətini araşdırır

Avropa İnsan Hüquqları Məhkəməsi Ümid Partiyasının sədri İqbal Ağazadənin 2015-ci ilin parlament seçkisindən şikayətini araşdırmağa başlayıb. Xəbəri hüquqşünas Xalid Ağalıyev yayıb.

Novator.az bildirir ki, 1968-ci il təvəllüdlü İqbal Ağazadə 2000-ci ildə 10 saylı Xətai dairəsindən, 2005, 2010-cu illərdə 35 saylı Xətai dairəsindən Milli Məclisin deputatı seçilib. 2015-ci il noyabrın 1-də İqbal Ağazadə yenidən həmin dairədən namizəd olub, amma seçki yarışından Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə qalib çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsinə 2016-cı ilin mayında şikayət verən İqbal Ağazadə iddia edir ki, səslərin sayılması, təkrar sayma, nəticələrin ləğvi və başqa seçki prosedurları zamanı, habelə məhkəmə araşdırmalarında onun seçki və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilə baş verib.

Məhkəmədə İqbal Ağazadəni hüquqşünas Xalid Bağırov təmsil edir.

İqbal Ağazadə əlində olan protokollara və müşahidəçilərin ifadələrinə əsaslanaraq 1 noyabr 2015-ci il seçkisində 35 saylı Xətai dairəsində qalib gəldiyini bildirir, qeyd edir ki, səslərin yenidən sayılması üçün müraciəti təmin olunmayıb, yerli məhkəmələrə şikayəti isə nəticə verməyib.

Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş seçki və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilə olunduğunu iddia edir.

İqbal Ağazadə 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkisində də 35 saylı Xətai dairəsindən namizəd olub. Pozuntular üzündən həmin dairədə səsvermənin nəticələri ləğv edilib.