Avropa İnsan Haqları Məhkəməsi: 2 “hə”, 2 “yox

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 14-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir neçə qərarını elan edib. 
 
Şikayətçilərdən Turan İbrahimov  və Cabbar Savalanlının işində  AİHM Konvensiyanin 6-cı (1) maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu tanıyıb. 
 
Qərara görə, hökumət T.İbrahimova 4100 avro, C.Savalanlıya isə 4350 avro təzminat ödəməlidir. 
 
Hər iki işdə müxalif fəallar ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.
 
Hər iki fəal inzibati qaydada həbs ediliblər. Onlar iddia edirdilər ki, məhkəmə zamanı istədikləri vəkillə müdafiə olunmalarına imkan verilməməsi onların Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxiləyə səbəb olub.
 
AİHM Fariz Məmmədovun  işində Konvensiyanin 6-cı (1) (3) maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu tanıyıb. Məhkəmə təzminat müəyyən etməyib. 
 
Bu məhkəmə işi narkotika cinayətində ittiham olunmuş Fariz Məmmədovun şikayəti ilə bağlıydı. Ərizəçi 2005-ci ildə narkotik maddə ilə saxlanılıb, məhkum edilmişdi. AİHM-ə şikayətdə milli məhkəmələrin ədalətli olmadığı iddia edilirdi. 
 
AİHM həmçinin iki şikayət üzrə qərarında ərizələrin qəbuledilməz olmasına qənaətinə gəlib. 
 
Bunlardan biri Yadigar Sadıqlının şikayətidir. 
 
Y.Sadıqlı 2013-cü ildə xuliqanlıq ittihamı ilə həbs edilmiş, məhkəmə ittihamı əsaslı hesab edib onu 6 il müddətinə azadlıqdan məhrum etmişdi. Cinayət işini qurama sayan beynəlxalq hüquq müdafiə təşkilatları müxalif siyasətçini vicdan məhbusu elan etmişdilər. Y.Sadıqlı həmin cinayət işi üzrə keçirilən məhkəmə iclaslarında metal qəfəsdə saxlanılmasından şikayət etmişdi. Şikayətləri yerli məhkəmələrdə rədd edilən siyasətçi hesab edirdi ki, məhkəmədə metal qəfəsə yerləşdirilməsi onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxilə təşkil edib. 
 
Məmməd Qurbanov və Nadir Məmmədovun da şikayətini AİHM qəbulediməz elan edib. 
 
Bu işdə Naxçıvandan olan sahibkar, hazırda siyasi mühacir olan Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov iddia edirdilər ki, 2013-cü ildə gömrük əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar. Bununla bağlı polisə şikayət etmələrindən sonra dövlət məmuruna müqavimət göstərmək ittihamı ilə həbs ediliblər. Onlar AİHM qarşısında iddia edirdilər ki, yerli məhkəmələrdə vəkilə çatım təmin olunmadığından ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə edilib.