Avropa Birliyi müharibədən sonrakı dövrdə Qarabağda necə rol oynaya bilər?

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılan addımlarda Avropa Birliyinin ümumiyyətlə iştirak etməməsi onun prestijinə ciddi zərbə vurub”, - Borut Qrqiç və Bernhard Knoll-Tüdor yazırlar. 

 

Borut Qrqiç – Lyublyanada fəaliyyət göstərən Strateji Araşdırmalar İnstitutunun təsisçisi və Transkaspi layihəsinin direktorudur. Bernhard Knoll-Tüdor isə Berlində fəaliyyət göstərən Hertie universitetinin beynəlxalq hüquq fakültəsinin professorudur.

 

Avropa Birliyi Bakı ilə Yerevandakı imicini  bərpa etmək üçün nə edə bilər?

 

Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayona nəzarət etmək uğrunda gedən beş həftəlik müharibə Rusiyanın vasitəçi olduğu atəşkəsin imzalanmasıyla başa çatdı. Putin bu dəfə İranla sərhəddə möhkəmlənməklə, regiondakı növbəti uğurunu qazandı. 

 

Avropa Birliyi (AB) isə regiondakı hadisələrə təsir edə bilməməklə, prestijinə ciddi xələl gətirdi. Bəs AB müharibədən sonrakı dövrdə sülh prosesində daha böyük rol oynamaq və Bakı ilə Yerevandakı imicini  bərpa etmək üçün nə edə bilər?

 

Geniş strateji miqyasda AB-nin kollektiv zəifliyi açıq-aydın görünürdü. Avropada AB-nin şərq qonşuları ilə müzakirələri bir qayda olaraq insan haqları və qanunun aliliyi kimi problemlər ətrafında başlayır və bitir. Bunların böyük əhəmiyyəti var, düzdür. Amma bunlar strateji vizyonun əsasları deyillər. Bunlar sadəcə biz daha böyük vizyon görmək qərarına gəlmişiksə, əldə ediləcək üstünlüklər ola bilərdilər. Artıq regionda Xəzər dənizindən Avropaya neft və qaz nəql etməklə, böyük  infrastruktur layihələrinin baş tutduğunu nəzərə alsaq, bunlara nail olmaq çox heyrətamiz üstünlük olardı.

 

Yeri gəlmişkən, AB və Çin arasındakı fiber-optik informasiya magistralı, həmçinin Asiya və Avropa arasındakı birbaşa quru yol ticarətini dəstəkləmək və təşviq etmək üçün nəzərdə tutulan mürəkkəb nəqliyyat sistemi də bu regiondan keçir. 

 

Onda nəyə görə sadalananlar Avropanın xarici siyasət qurumları üçün strateji əlaqələrdə prioritet deyillər? 

 

2021-ci ilin ikinci yarısında Avropa Birliyini təmsil edəcək Sloveniya bu sahədə  irəliləmək üçün imkan əldə edəcək. Bu irəliləyiş baş tutsa, AB-Cənubi Qafqaz strateji çərçivəsi prioritet sahəyə çevrilə və AB-nin bölgədəki uzun müddətli öhdəliklərinin detallı şəkildə əks olunduğu yeni sənədin qəbul edilməsi üçün imkan yarana bilərdi, prosesin kuliminiasiya nöqtəsi isə AB-Cənubi Qafqaz liderlərinin sammitini keçirmək olardı. 

 

Azərbaycan və Ermənistan arasında müştərək Azad İqtisadi Zonalar

 

Taktiki səviyyədə AB-nin rolu münaqişə sonrası nizamlamaya və iki ölkə sakinləri arasında münasibətlərin getdikcə sabitləşdiyi mühitin yaradılmasına qədər genişlənməlidir. Aydındır ki, buradakı iqtisadi imkanlar  hər iki ölkənin müştərək maraqlar görərək, hərəkətə keçməsinə töhfə vermiş olacaq. 

 

Avropanın bölgədə təcili iştirakının bərpa olunmasının mərkəzində Qarabağ inkişaf bankının yaradılması dayana bilər, bunun üçün Avropa Yenidənqurma və İnkişaf Bankının nümunə kimi götürüldüyü AB-Azərbaycan-Ermənistanın birgə layihəsi yaratmaq olar. 

 

Yeni bank ifrastruktur, elektrik təchizatı, yerli özünüidarə qurumlarının bərpası, inşaat, kənd təsərrüfatı, kiçik və orta biznesdəki təşəbbüslərin dəstəklənməsi ilə əlaqədar layihələri maliyyələşdirə bilər. İnkişaf bankı belə bir mandatla uzun müddətli sülhün və təhlükəsizliyin qeyri-müəyyənliyi şəraitində beynəlxalq investisiya birliyinin təməli ola, özəl investorların risk və məsuliyyətlərini kompensasiya edə bilər. 

 

Bu sahədə AB-nin Şərqi Balkanlarda böyük təcrübəsinin olduğunu nəzərə alsaq, o, bu təcrübədən münaqişə aparan tərəfləri auksiner kimi bir araya gətirməklə, Qarabağ inkişaf bankının yaradılması və müştərək fəaliyyətin təmin edilməsi üçün də istifadə edə bilər. 

 

Bundan başqa, Avropa Komissiyası ekspertlərdən ibarət münsiflər heyətinin seçməsi şərtiylə Azərbaycan və Erməni proqramlaşdırma komandaları tərəfindən müştərək yaradılan layihələrə sponsorluq etməklə, AB-nin Şərq Tərəfdaşlığı çərçivəsində texnoloji innovasiyalara dair çağırışlarını yayımlaya bilər.

 

Bu həmçinin Azərbaycan və Ermənistanın birini Laçının şimal və cəbununda, digərini isə Şuşa və Xankəndi arasında azad iqtisadi zonalar (AİZ) yaratmasına kömək edə bilər. Dubay nümunəsini əsas götürməklə, bu AİZ-lərdən hər birini texnoloji, energetika və aqro-zona kimi sinifləndirmək olar.

 

Bu zonalarda istehsal olunan məhsul və xidmətlər regionda və Avropa bazarında gömrük tarifi olmada satışa çıxarıla bilərlər. 

 

Elektrik enerjisini nümunə götürək, onu bu yeni energetika zonasında təmiz ekoloji şəraitdə istehsal etmək və gömrüksüz tariflərlə satmaq olardı. AİZ-ləri Bakının cənubundakı Ələt limanından Gürcüstanın Poti dəniz limanına gedən yeni dəmir yolu xəttinə birləşdirmək mümkündür. 

 

Bu müstəsna iqtisadi zonaların inkişafı üçün yaradılan lazımi infrastruktura ilkin olaraq AB-nin sponsorluq etdiyi və Bakıda fəaliyyət göstərən TRASEKA infrastruktur layihəsi başçılıq edə bilər. 

 

Erməni-Azərbaycan müştərək filmi Avropa festivallarında

 

Müharibədən sonrakı yardımın və AB ilə əməkdaşlığın ikinci mərhələsində mədəni və təhsil əlaqələrinin genişləndirilməsi mümkündür. 

 

Bir ideya belə ola bilər: Erməni-Azərbaycan müştərək filmi çəkilə və onun premyerası böyük Avropa Film Festivallarından birində keçirilə bilər. İkinci ideya kimi, Şuşa və Stepanakert Avropa Komissiyası tərəfindən mükafatlandırılan "Mədəniyyətlərarası şəhər" müsabiqəsində iştirak etmək üçün müştərək şəkildə müraciət edə bilərlər.

 

AB-nin dəstəyilə Azərbaycan, Ermənistan və Gürcüstan arasında Rustavi, Stepanakert və Şuşada ali təhsil verən universitet şəhərciyində anti-korrupsiya akademiyasının yaradılması barədə üçtərəfli saziş imzalana bilər. 

 

Daha bir təşəbbüs Avropanın köməyilə Ağdamda rəssamların Avrasiya düşərgəsinin  yaradılması olardı, belə təşəbbüslər Marakeşdə avropalılar üçün və Meksikada Todos-Santosda şimali amerikalıları üçün artıq həyata keçirilib. 

 

İsrail-Fələstin arasındakı ixtilafın qarşısını almaq üçün Daniel Barenboyum konsertlər təşkil etmək kimi parlaq təşəbbüsünü nümunə götürməklə, AB orkestrlərin Avropada müştərək çıxışlarına sponsorluq edə bilər. İdman və gənclik mübadilələri sahəsində UEFA "Qarabağ” klubu üçün Ağdamda stadion tikintisini maliyyələşdirə və bölgəyə qayıdan azərbaycanlı uşaqlarla erməni uşaqlar üçün futbol klinikalarını sponsorlaşdıra bilər. 

 

Bu hədsiz əhəmiyyətli demoqrafik qrup üçün Avropa Yayım Şurası Rusiya Federasiyası ilə birgə proqressiv üçdilli Qarabağ radiostansiyasını və Bakı ilə Yerevanda mənzil-qərargahları olan və onların arasında müntəzəm mübadilənin aparıldığı əyləncəli rəqəmsal platformanı maliyyələşdirə bilər. 

 

Avropa Birliyi üçün daha geniş strateji vizyon

 

Müharibədən sonrakı dövrdə iki tərəf arasında etimadı artıracaq stimulların yaradılmasında Avropa Birliyinin oyanacağı rolla bağlı nə qədər desəniz, ideya var. 

 

İndiyə qədər bunun qarşısını alan amil, Avropanın Cənubi Qafqazda daha qabarıq rol oynamaq arzusunun və bölgədə liberal dəyərlərin təşviqi istisna olmaqla, iqtisadi və mədəni proqresi həyata keçirmək üçün geniş strateji vizyonunun olmaması olub. 

 

Bir müddət əvvəl başa çatan silahlı münaqişə Avropa Birliyinə geostrateji və mədəni əhəmiyyət baxımından qitəmizdən ötrü böyük məna daşıyan bölgədə öz hüquqlarını bəyan etmək üçün həyəcan signalı olmalıdır.