"Atasının həbsinə görə xahiş etdik ki, Mehdini buraxsınlar"

Qarabağa dəstək yürüşündən sonra saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin iyulun 27-də apelyasiya məhkəməsi keçirilib. Partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun və 5 cəbhəçinin işinə baxılıb.

Məhkəmə onları həbsdə saxlasa da, təqsirləndirilən şəxslər özlərini günahkar bilmir.

Dünən – iyulun 26-da oğluyala görüşə gedən AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi mülki geyimli şəxslər saxlayıb. 24 saatdan artıqdır harada olduğu bilinmir. Oğlu Mehdi İbrahimov da Penitensiar Xidmətin vərəm xəstələri üçün ixtisaslaşdırılmış 3 saylı müəssisəsində (tubzon) saxlanılır. Onun Covid-19 virusuna yoluxduğu deyilir.

AXCP açıqlayır ki, Qarabağa dəstək yürüşündən sonra 14 fəalının barəsində cinayət işi başlayıb, 11 cəbhəçi haqqında isə inzibati həbs qərarları çıxarılıb. Onların çoxuna CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Milli Şura AXCP-yə qarşı həbsləri repressiya adlandırır və birbaşa ölkə prezidenti İlham Əliyevin göstəriş verdiyini deyir.