AŞPA Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı məruzə hazırlayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr" adlı hesabat hazırlamaq haqqında qərar qəbul edib. Məruzəni AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsi hazırlayacaq.

Bu barədə AŞPA iyunun 27-də məlumat yayıb.

Məlumatda deyilir ki, Mədəniyyət, elm, təhsil və KİV Komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq da tapşırılıb.

Bu il mayın 2-də bir qrup AŞPA deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr haqqında qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış edib. Belçikalı deputat Kristof Lakruanın təşəbbüsünü AŞPA-nın 24 ölkədən olan 37 üzvü dəstəkləyib.

Deputatlar xüsusən jurnalist və LGBT fəalı Əvəz Şıxməmmədovun (Əvəz Hafizli) fevralın 22-də öz evində öldürülməsinə, bloger və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin oğurlanmasına, habelə Azərbaycanda və xaricdə araşdırmaçı reportyorlar üçün təhlükələrə istinad ediblər.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov Amerikanın Səsinə deyib ki, Hüquq məsələləri və insan hüquqları Komitəsi sentyabrın 15-də məruzəçi təyin edəcək. Bundan sonra məruzəçi hesabatı hazırlamağa başlayacaq.

"Məruzəçi 2024-cü iin iyununadək məruzəni hazırlayıb səsvermə üçün AŞPA-ya təqdim edəck. Məruzəçinin mandatı iki il olacaq. Həmin dövrdə Azərbaycanda tənqidi səslərə basqılarla bağlı operativ bəynatlar verəcək. Ölkəyə qiymətləndirici səfərlər edəcək, hökumət və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək. Eyni zamanda həbsdə olan tənqidçi jurnalist və blogerlərə baş çəkib onların saxlanma şəariti ilə tanış ola biləcək" , Hüseynov Amerikanın Səsinə deyib.