Aşağı güzdəklilər: İcra başçısından əlimizi üzmüşük

“Dərdimizi deməyə yer tapmırıq”

“Yol, kanalizasiya xətti, poliklinikamızda tibbi xidmət göstərilməsi üçün avadanlıq yoxdur, ictimai nəqliyyat məsələsi hələ də həllini tapmayıb, adam bilmir ki, hansını sadalasın”.

Yaddan çıxmış və taleyin ümidinə buraxılmış yer... Aşağı Güzdəklilər öz qəsəbələri haqqında belə düşünür. Onlar Meydan TV-yə illərdir ki, qəsəbənin sosial problemlərinin öz həllini tapmamasından gileylənirlər.

Aşağı Güzdək Abşeron rayonu Ceyranbatan inzibati əraizi vahidinə aid bir qəsəbədir. Əhalisinin sayı 15 min nəfər civarındadır. Qəsəbə sakinlərinin deməsinə görə, indiyədək problemləri öz hesablarına yaxşı-pis həll etməyə çalışıblar, ancaq problemlər o qədər çoxdur ki, onları kökündən həll etmək vətəndaşın yox, dövlətin vəzifəsidir.

“Çirkab sular küçələrə axır”

“Paytaxtın mərkəzindən vur-tut 13 kilometr aralıda yerləşirik. Ancaq sanki unudulmuşuq. Ən böyük problem su ilə bağlı idi, qışqabağı qismən həllini tapdı, ana xətdə təmir işləri aparıldı, bir az su problemimiz azaldı. Ancaq yollarımız hələ də bərbad vəziyyətdə olaraq qalır. Yağış yağanda palçıq dizdən olur, yerimək mümkün deyil, üstəlik, kanalizasiya sistemi də qurulmayıb. Özümüz xətlər çəkmişdik, aparıb yaxınlıqda bir göl var, xətləri həmin gölə buraxmışdıq, çirkab sular ora axırdı. Keçmiş icra nümayəndəsi həmin gölün bir tərəfini qurutmuşdu ki, orada özü üçün nə isə tiksin, heç o da tikə bilmədi, işdən də çıxarıldı. Nəticədə indi çirkab suların çox hissəsi elə küçələrə axır”, - şikayətçi deyir.

Poliklinika, məktəb binaları köhnə və şəraitsizdir

Sakinlərin sözlərinə görə, qəsəbədəki poliklinikada tibbi avadanlıqların olmaması əhalinin normal tibbi xidmət almasına imkan vermir. Məktəb binası da köhnə, təmirsiz və şəraitsizdir. Başqa bir problem isə nəqliyyatla bağlıdır:

“Bu qədər əhali olan qəsəbəyə yerli bələdiyyənin nəzdində olan və 511 saylı marşrut xətti üzrə hərəkət edən, 23 yerlik olan cəmi 5 ədəd avtobus xidmət göstərir. İşə gedib-gələnlər virusun tüğyan etdiyi belə bir vaxtda az qala avtobusun qapılarından sallanırlar. Üstəlik, qəsəbənin çıxış hissəsindən paytaxta tərəf hərəkət etmək üçün yol da uzadılıb. Aşağı Güzdəkdən çıxan maşınlar indi gərək əvvəlcə geriyə - Müşviq qəsəbəsinə hərəkət etsin, oradan dövrə vurub paytaxt istiqamətindəki yola çıxsın. Bu isə azı 10 kilometr əlavə yol qət etmək deməkdir. Halbuki, Bakı-Şamaxı yolunun sağında yerləşən “Milla” şirkəti üçün ayrıca dönmə yeri qoyulub, qəsəbə sakinləri isə əziyyət çəkir”.

“Başçı deyir, gedin, şanbo qazın”

Sakinlər deyir, məhəllələrdə işıqlandırmanın olmaması həm cinayətə yol açır, həm də avtomobil qəzalarına...

Hə, qəsəbədə hər hansı banka məxsus bankomat aparatı da yoxdur ki, pensiyaçılar öz pensiyalarını əldə etmək üçün kənara uzaq yol qət etməsinlər.

Qəsəbə sakinləri bildirirlər ki, bu problemlərlə bağlı dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə və aidiyyəti üzrə başqa qurumlara müraciət etsələr də, nəticəsiz qalıb:

“Bir icra başçısı ki, kanalizasiya xətti yoxdur deyən vətəndaşlara “yoxdur, gedin, həyətlərinizdə şanbo qazın” deyir, o icra başçısını vətəndaş niyə ciddiyə alsın və ona növbəti dəfə müraciət etsin? Kanalizasiya məsələsini özünəməxsus tərzdə “həll etdiyinə” görə icra başçısından demək olar ki, tamamilə əlimizi üzmüşük. Yəni bu məsuliyyətsiz cavabdan sonra hər hansı problemin həlli üçün bir də onun qəbuluna getməyimizi özümüzə artıq vaxt itkisi hesab edirk. Ona görə də son ümid yerimiz ölkəmizin başçısıdır. Ümid edirik ki, səsimiz ona çatandan sonra nəhayət, bizim də sosial problemlərimiz həllini tapacaq”,- deyir aAşağı güzdəklilər.

Abşeron Rayon İcra Hakimiyyətindən aşağı güzdəklilərin giley-güzarına münasibət öyrənmək mümkün olmasa da, qurumun rəsmi saytında qeyd olunanlardan görünür ki, icra hakimiyyətinin başçısı İradə Gülməmmədova ara-sıra Aşağı Güzdəkdə səyyar görüşlər keçirir. Qurumun rəsmi saytındakı xəbərlərdə qeyd edilib ki, icra başçısı bir neçə ay əvvəl qəsəbə sakinlərini dinləyib. Sakinlər ona əsasən küçələrin abadlaşdırılması, yeni məhəllələrə kanalizasiya xətlərinin çəkilməsi məsələlərini deyib. O da bu işlərin vaxt və maliyyə tələb etdiyini bildirərək, məsələlərin həllinə görə aidiyyəti qurumların nümayəndələrinə tapşırıqlarını verib.