Arif Alışanovun şikayəti ilə həbs edilən şəxs öldü

AzTV-nin keçmiş sədri Arif Alışanovun şikayəti ilə həbs edilən və 17 il azadlıqdan məhrum edilən Qoçəli Cəbiyev cəzaçəkmə müəssisəsində vəfat edib.

Q. Cəbiyev uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkib. Hətta dializ xəstəsi olan Q. Cəbiyev səhhəti ağırlaşdığı üçün bir neçə dəfə 2018-ci ildə keçirilən məhkəmə proseslərinə gətirilməmişdi.

Cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra da vəziyyəti ağırlaşan Q. Cəbiyev bir neçə gün öncə müalicə müəssisəsində vəfat edib.

 

Epilepsiya xəstəsi olan oğlu Elməddin Cəbiyevin də vəziyyətinin ağırlaşdığı bildirilir.

Qeyd edək ki, Qoçəli Cəbiyev və Şücayət Əkbərov AzTV-nin keçmiş rəhbəri Arif Alışanova qarşı sui-qəsd etməkdə təqsirləndiriliblər.

İttihama görə, Ş.Əkbərov 2013-2017-ci illər ərzində A.Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Müsabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə silahlı mütəşəkkil dəstə yaradıblar. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı 99 - AA - 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb. Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib.

Lakin A.Alışanov gözlənilmədən “Land Cruiser”ə deyil, Ş.Əkbərovun idarə etdiyi “NİVA” markalı 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinova xəbər verə bilməyib. Zöhrab Şirinov avtomaşını idarə etdiyi “NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı maşını bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.