“Arif Alışanovu öldürmək fikrim olmayıb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul “atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçali Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə,  hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Z.Şirinov vəkilin suallarına cavab verərkən istintaq zamanı işgəncəyə məruz qaldığını deyib: 

"Məni Bandotdel"ə aparıb orada Canpoladın otağında döyüb işgəncə verdilər. Mən də məcbur onların dediyinə qol çəkdim. Çünki başqa çıxış yolum yox idi. Əgər orada qol çəksəydim, bu gün burada ayaq üstə durub danışa bilməzdim. Ya özümü öldürməli idim, ya da qol çəkməli idim. Özümü öldürmədim, amma indi bu işin axırında öldürəcəyəm. O kağıza qol çəkəndən sonra da mənə sui-qəsd ittihamı verildi. İstintaqda mənim vəkilim olmayıb. Hər şeyi öz qaydaları ilə həll etdilər. 

 

Mənim Arif Alışanovu öldürmək fikrim və ya planım olmayıb. Bunlar hamısı uydurmadır. Baş prokurorluqda da özləri mənə bir vəkil təyin etmişdilər, müstəntiq Kamal yazırdı, həmin vəkil də qol çəkirdi ki, Zöhrab bunları deyib. Kamal da mənə deyirdi ki, sənin qol çəkməməyinin bir əhəmiyyəti yoxdur, vəkilin imza atıb. Amma mən heç Arif Alışanovu tanımamışam, özümdə də silah olmayıb. Şücayətin mənə borcu var idi, hissə-hissə onu qaytarırdı. 

Arif Alışanov gəlib burada otursun, ondan sonra mən onun vəkillərinin suallarına cavab verəcəyəm".