Aparat rəhbəri: "Qonaqlara keyfiyyətli servisin göstərilməsi üçün təmir işləri zəruridir"

"Hazırda "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfindən Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilir. Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etməyərək sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədi ilə aparılan rekonstruksiya işlərindən ibarətdir".
 
Bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.
 
Riad Qasımov bildirib ki, son illər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri həyata keçirilib:
 
"İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Qeyd etməliyik ki, həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməyib. Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimu məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirmir".
 
O qeyd edib ki, həmin fotoşəkildə görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyil. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur:
 
"Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb. Həyata keçirilən layihədə məqsəd onları yeniləmək və daha yüksək keyfiyyətli, xoş görünüşlü tikili ərsəyə gətirməkdir. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub".
 
Aparat rəhbərinin sözlərunə görə, sosial şəbəkələrdə və bəzi saytlarda qala divarlarına zərər vurulması ilə bağlı məlumatlar əsassızdır: "Qoruq İdarəsi Qala divarlarının bir hissəsini son illərdə bərpa edib və onların dayanıqlığını möhkəmləndirib. Həmin fotolar 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Yenə deyirəm ki, həmin fotolar sırf təxribat məqsədi daşıyır və yayılan məlumatlar da şayiədir".