“Anti-Putin administrasiyası”nın başçısı istefaya getdiyini açıqlayıb

Rusiyanın Yakutsk şəhərinin meri Sardana Avksentyeva istefaya getdiyini bəyan edib.

Yakutsk Rusiyanın Uzaq Şərqdə yerləşən Saxa Respublikasının (Yakutiyanın) paytaxtıdır.

Novator.az saytı ingilisdilli Tellerreport.com portalına istinadla xəbər verir ki, ola bilsin, merin istefasının kökündə Kremlin təzyiqləri durur.

50 yaşlı Sardana Avksentyeva özü istefasını ailəsinin onun sağlamlığından narahat olması ilə izah edib.

Yakutsk meriyasının mətbuat katibi istefanın hər hansı təzyiqlə əlaqədar olmadığını bildirib.

Bitərəf Sardana Avksentyeva 2018-ci ilin sentyabrında Yakutsk şəhər dairəsi bələdiyyəsinə keçirilən seçkidə hakim Vahid Rusiya Partiyasının namizədinə qalib gələrək mer olub. O, vəzifədə olduğu müddətdə bələdiyyə və dövlət vəsaitlərinin ədalətli şəkildə istifadəsi ilə diqqət çəkib.

Avksentyevanın başçılığı dövründə Yakutsk meriyası tez-tez mediada “Anti-Putin administrasiyası” kimi xarakterizə olunub.

Bunun səbəbi təkcə Sardana Avksentyevanın seçkidə hakim partiya təmsilçisini məğlub etməsi, yaxud korrupsiyadan uzaq olması deyil. Bəzi məlumatlara görə, Yakutsk meri 2020-ci ildə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən referendum zamanı konstitusiyaya dəyişikliklərin əleyhinə səs verib.

Rusiya Konstitusiyasına dəyişikliklər iyunun 25-dən iyulun 1-dək keçirilmiş referendumda qəbul olunub.

Dəyişikliyə görə, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən (2020-ci il iyulun 4-dən) sonra prezident seçiləcək şəxslərə şamil olunur və Vladimir Putin növbəti iki prezident seçkisinə (2024 və 2030-cu illərin seçkilərinə) qatılıb 2036-cı ilə qədər postda qalmaq imkanı əldə edir.

Konstitusiyaya əsasən, dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanı statusu daşıyan prezident ümumxalq səsverməsində 6 il müddətinə seçilir.

Prezident Rusiya Hökuməti sədrini (baş naziri) parlamentin aşağı palatası olan Dövlət Dumasının razılığı ilə təyin edir; onu vəzifədən çıxarır; hökumətin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir; baş nazirin təqdimatı ilə federal icra orqanlarının strukturunu təsdiqləyir; hökuməti istefaya göndərir; baş nazirin və onun müavinlərinin, nazirlərin, həmçinin birbaşa prezidentə tabe olan federal icra orqanlarının rəhbərlərinin istefasını qəbul edir; Dövlət Dumasına Mərkəzi Bankın sədrinin təyinatı və vəzifədən götürülməsi barədə təqdimat verir.

Baş nazirin müavinlərini və nazirləri prezident Dövlət Dumasının razılığı ilə təyin edir.

Müdafiə, təhlükəsizlik, daxili işlər, ədliyyə, xarici işlər, fövqəladə hallar, ictimai təhlükəsizlik sahələrinə məsul federal icra orqanlarının rəhbərlərinin təyinatını prezident parlamentin yuxarı palatası olan Federasiya Şurası ilə məsləhətləşmə əsasında aparır.

Konstitusiya Məhkəməsi hakimlərini (həmçinin sədri və onun müavinini), Ali Məhkəmə hakimlərini (həmçinin sədri və onun müavinlərini), baş prokuroru və onun müavinlərini, federasiya subyektlərinin prokurorlarını (həmçinin həmin ranqa uyğun prokurorları) prezident yuxarı palata ilə məsləhətləşib təyin edir.

Prezidentin Federasiya Şurasına 30 senator təyin etmək; Dövlət Şurası yaratmaq; Təhlükəsizlik Şurası yaratmaq və ona rəhbərlik eləmək; Prezident Administrasiyası yaratmaq və onun rəhbərini təyin etmək; Silahlı Qüvvələrin ali komandanlarını, səfirləri təyin etmək; Dövlət Dumasına seçki təyin etmək, referendum təyin etmək; qanunla müəyyən olunmuş hallarda Dövlət Dumasını buraxmaq; qanunvericilik təşəbbüsü ilə çıxış etmək və qanunları imzalamaq; federasiya subyektlərinin icra orqanlarının aktlarını qüvvədən salmaq kimi səlahiyyətləri də var.

Vətəndaşlıq və siyasi sığınacaq məsələlərinin həlli, ali rütbələr və fəxri adlar vermək, əfv eləmək də prezidentin səlahiyyətindədir.

Prezident vəzifədən vaxtından əvvəl gedəndə onun səlahiyyətləri baş nazirə keçir.

Vəzifədən gedən prezident ömürlük senator sayılır (özü imtina etməzsə).

Rusiyada avtoritar rejimin gündən-günə gücləndiyini nəzərə alan bəzi təhlilçilər Sardana Avksentyevanı ölkənin nadir siyasətçilərindən biri kimi qiymətləndirirlər.

Sardana Avksentyeva istefa qərarını yanvarın 11-də açıqlayıb. Onun istefasını Yakutsk Şəhər Duması qəbul etməlidir. Dumanın sessiyası yanvarın 14-də olacaq.