Amnesty International və Avropa Komissarı Tofiq Yaqublunun azad edilməsini tələb edir

"Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun dərhal və qeyd-şərtsiz azad edilməsi məqsədilə onun barəsində həbs qərarına təcili olaraq yenidən baxmalıdır. Tofiq Yaqublu vicdan məhbusudur və onun həbsi Azərbaycan hakimiyyətinin siyasi müxalifəti və söz azadlığını boğmasının daha bir nümunəsidir”, deyə Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə araşdırmaçısı Natalya Nozadze bildirib.
 
"Tofiq Yaqublu prezident İlham Əliyevin idarəetməsinə qarşı çıxmağa cürət etdiyinə görə uzun illər ərzində təqiblərə məruz qalıb”, deyə o əlavə edib.
 
Yaqublu 2020-ci ilin martında, prezident Əliyevin COVİD-19-un yayılmasına qarşı mübarizə çərçivəsində müxalifət liderlərini "təcrid etmək” niyyətini bəyan etməsindən bir neçə gün sonra saxlanılıb. Bu çıxış onlarla müxalifət liderinin və fəalının saxta ittihamlarla həbsinə gətirib çıxarıb.
 
Aİ-nin İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviç də Yaqublunun həbsini pisləyib.
 
"Tofiq Yaqublu barəsindəki hökm Azərbaycanda söz və ifadə azadlığının, azadlıq, təhlükəsizlik və ədalətli mühakimə hüquqlarının təmin edilməsi üzrə ciddi tədbirlərin görülməsi zərurətini bir daha sübut edir”, deyə o, Twitter-dəki mikrobloqunda yazıb.
 
turan.az