Almaniyadan qaytarılan fəaldan yaxınları xəbər tuta bilmir

Bir neçə ay əvvəl Almaniyadan deportasiya edilən şəxslərin hüquq-mühafizə orqanlarında dindirildiyi və bəzilərinin saxlandığı bildirilir.

İyunun 1-də Almaniyadan qaytarılan fəal Mütəllim Orucovun oğlu Elvin Orucovun sözlərinə görə, oktyabrın 23-də atasını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dəvət edib: "Saat 11:30-da gedib və bundan sonra barəsində heç bir xəbər ala bilmirik".

M.Orucovun bir həftə öncə isə Quba Rayon Polis Şöbəsinə çağırıldığı deyilir.

Məsələ ilə bağlı, hələlik, nə DTX, nə Daxili İşlər Nazirliyi, nə də Almaniyanın Azərbaycandakı səfirliyi ilə danışmaq mümkün olub.

İyunun sonlarında Almaniyadan deportasiya olunan daha bir fəalın da bu gün, oktyabrın 26-da saxlanıldığı deyilir. Amma həmin məlumatı, hələlik, rəsmi qurumlar təsdiqləməyiblər.

Saxlananların Almaniyada Azərbaycan hökumətinə qarşı aksiyalarda iştirak etdiyi bildirilir.

Son illər Almaniyadan Azərbaycana yüzlərlə mühacirin qaytarıldığı açıqlanıb.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" Saziş imzalanıb. Azərbaycan hökuməti readmissiya olunan şəxslərin iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək etməlidir.

AzadlıqRadiosu