Almaniyada koronavirusdan ölənlərin sayı artıb

Almaniyada son sutkada koronavirusa yoluxanların sayı artıb.
 
Bunu Robert Kox İnstitutu açıqlayıb.
 
Məlumata görə, son sutkada ölkədə 5 323 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qeydə alınan yoluxmaların ümumi sayı 113 525-ə yüksəlib. Eyni dövr ərzində ölənlərin sayı 266 nəfər artaraq 2 373-ə çatıb.
 
Qeydə alınan yoluxanların təqribən yarısı koronavirusdan sağalıb – 53 913.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 925 nəfəri sağalıb, 95 751 nəfəri isə ölüb.