AİP sədri Mövsüm Səmədov: Qarabağ müharibəsində Süleymani ordumuza kömək edib

AİP sədri Mövsüm Səmədov İran İnqilab Keşikçiləri Koröusunun "Qüds" briqadasının komandanı Qasim Süleymaninin şəhid edilməsi ilə bağlı başsağlığı müraciəti verib.

Müraciətdə deyilir: 

 

“Bismillahir-Rəhmanir-Rəhim. İran İslam ölkəsinin qəhrəman oğlu, “Qüds” hərbi briqadasının komandiri, bütün müsəlman dünyasının sevimlisi, əzəmətli və qorxu bilməyən döyüşçü general Qasim Süleymaninin dünyanın ən qəddar, istismarçı və terrorçu dövləti sayılan Amerika tərəfindən terror sui qəsdinə məruz qoyulması müsəlman ümmətini, haqsevər bəşəriyyəti, xüsusən məzlumları dərin kədərləndirmişdir. Onun qəhrəmancasına şəhadətə yetişməsi Allahın ən sevimli bəndəsi olmasını bir daha sübut etdi. Yaxın Şərqdə və bütün İslam dünyasında müsəlmanlara qarşı zülmə və zalıma aman verməməsi, hərbi peşəyə yiyələndiyi hələ gənc yaşlarından başlayaraq həmişə məzlumların yanında və xidmətində hazır olması onu xilaskar sərkərdə kimi tanıtmışdır. Bir sıra müsəlman dövlətlərinin məzlum əhalisi bu ölməz generalın hərbi fəaliyyətindən və misilsiz zəhmətindən ruhlanaraq qəddar və zalım rejimlərə qarşı mübarizələrə qalxmış, Livan, Suriya, İraq kimi dövlətlər öz istiqlaliyyətini əldə edib qoruya bilmişlər. 

Azərbaycanın işğalçı Ermənistanla apardığı Qarabağ müharibəsi zamanı Qasim Süleymaninin ordumuza əvəzsiz köməklikləri heç zaman yaddan çıxmamalıdır. Amma təəssüflər olsun ki, o zaman ölkəmizdə hakimiyyət uğrunda gedən mübarizə bu köməkliyi qiymətləndirməyə və davam etdirilməyə imkan vermədi, öz içimizdən maneçiliklər törədildi. Göründüyü kimi, şəhid Süleymani təkcə İran dövlətinin hərbi qüdrətinin yüksəlişi naminə deyil, bütün müsəlman dövlətlərinin istismarçılara, qəsbkarlara qarşı müqavimət hərəkatının stimulverici siması kimi əzəmətli bir hərbi sərkərdə, əvəzsiz şəxsiyyət idi. Regionda maraqlarını həyata keçirməyə çalışan işğalçı rejimlər general Süleymanini qarşılarında ən böyük və tədbirli maneə kimi görürdülər. Onun terror nəticəsində faciəli şəkildə şəhid edilməsinin də əsas səbəbi məhz düşmənin qarşısında dura bilməsi, mübarizənin önündə getməsi idi. Şəhid Qasim Süleymaninin hərb tarixində rolu və mövqeyi nə dostları, onu sevənlər, nə də düşmənləri-dünyanın qəsbksar və təcavüzkarları unudarlar. O, fəaliyyəti dövründə yadların, dünya hegemon güclərinin Yaxın və Orta Şərq xalqları üzərində dominantlıq etməsinə imkan vermədi. Və həm də Azərbaycanı sevən, xalqımızın dostu sayılan şəhid Süleymani xalqımız tərəfindən heç zaman unudulmayacaq. O, İslam hədəflərinin həyata keçməsi uğrunda hər cür şəhadətə həmişə hazır idi. Bu müqəddəs yol hər bir müsəlman tərəfindən davam etdirilməli, şəhidin qisası düşməndən alınmalıdır. Biz bu yolda güclərimizi birləşdirməli, İslamın hədəflərinin həyata keçməsinə nail olmalıyıq. O zaman bütün şəhidlərimizin, o cümlədən Azərbaycan şəhidlərinin ruhu sevinəcək. 

Allah-təala şəhid Qasim Süleymaninin ruhunu şad etsin. Başda böyük Rəhbərimiz olmaqla qəlbində İlahi eşqi yaşadan və daşıyan bütün insanlara başsağlığı ərz edirəm.”/İslaminSesi