Aİ-də Rusiya neftinin maksimal qiymətləri barədə razılığa gəlməyə tələsirlər

Operativ.tv Az.shafqna.com-a istinadən verdiyi xəbərə görə, Aİ ölkələri Rusiya neftinin maksimal qiymətlərinin müəyyən edilməsi ilə bağlı bir neçə həftə ərzində siyasi saziş bağlamaq niyyətindədir.

Bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Ukraynada eskalasiya fonunda Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Aİ-də bu məsələ ilə bağlı fəallıq sürətlənib.
Bildirilir ki, Avropa Komissiyasının təklif edəcəyi yeni sanksiyalar paketində Rusiya nefti üçün qiymət tavanının müəyyən edilməsi nəzərdə tutulur.

Lakin indiyə qədər Aİ ölkələri Rusiya Federasiyasından alınan neftə maksimal qiymətlərin tətbiqi ilə bağlı razılığa gələ bilməyiblər. Buna səbəb isə dövlətlərin hər birinin fərqli enerji ehtiyacının olmasıdır.

Aİ ölkələrinin nümayəndələrinin bu həftə sonu AK ilə yeni anti-Rusiya sanksiyalarını müzakirə etmək üçün görüşəcəyi planlaşdırılır. Bu məhdudlaşdırıcı tədbirlər dekabrın 5-dən qüvvəyə minməlidir. Həmin vaxta qədər Aİ ölkələri Rusiya neftinə qiymət tavanının tətbiqi ilə bağlı razılığa gəlməlidirlər.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyanın enerji resurslarının qiymətlərinin məhdudlaşdırılması cəhdini axmaqlıq adlandırıb.