ABŞ və müttəfiqləri Rusiyaya qarşı vahid cəbhədən çıxış edəcəklər

Dörd ölkənin xarici siyasət idarələrinin başçıları bir daha münaqişənin diplomatik yolla həllini istədiklərini təsdiqləyiblər

ABŞ və onun Avropa müttəfiqləri Ukraynanın dəstəklənməsi və Rusiyanın bu ölkə üzərinə təcavüzdən geri çəkilməsi üçün ona təzyiq göstərilməsi məsələsində vahid cəbhədən çıxış edəcəklər.

Bu barədə bəyanatı Berlində Almaniya, Britaniya və Fransa xarici işlər nazirləri ilə dördtəfəli danışıqlarından sonra ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken yanvarın 20-də keçirilən bu görüşdən sonra bəyan edib ki, Rusiyanın Ukrayna ərazisinə yeni müdaxiləsi təqdirində ABŞ və onun müttəfiqləri yekdil və sərt cavab verəcəklər.

ABŞ rəsmiləri “yeni müdaxilə” deyərkən Rusiya qoşunlarının Ukrayna sərhədini hər hansı şəkildə keçməsini nəzərdə tuturlar.

Blinken habelə qeyd edib mki, Rusiya Ukraynaya birbaşa müdaxilənin əvəzində təcavüzün başqa vasitələrinə, məsələn kiberhücumlara əl ata bilər. Dövlət katibi vurğulayıb ki, müttəfiqlər belə hücumlara da cavab verəcəklər.

Dörd ölkənin xarici siyasət idarələrinin başçıları bir daha münaqişənin diplomatik yolla həllini istədiklərini təsdiqləyiblər.

Blinken son zamanlar Vaşinqtonun bəyənatlarında tez-tez səslənən formulu bir daha dilə gətirib.

O deyib ki, prezident Vladimir Putinin qarşısında iki seçim var: ya de-eslalasiya, ya da münaqişə.

Onun sözlərinə görə ikinci yolun seçilməsi Rusiya üçün “ağır” nəticələrə səbəb ola bilər.

 

AzadlıqRadiosu